Uğur qazanmağın ən başlıca yolu gördüyün işi sevməkdir | Banco.az

Uğur qazanmağın ən başlıca yolu gördüyün işi sevməkdir

Müsahibimiz: Rabitəbankın Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktoru Hüseynov Aydın

- Zəhmət olmasa özünüzü təqdim edin.

- Mən, Hüseynov Aydın Hüseyn oğlu 21 May 1979-cu ildə Ağsu şəhərində anadan olmuşam. 1996-cı ildə Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydən məzun olmuşam. 1996-2000-ci illərdə Türkiyə Respublikasının Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Fəlsəfə Doktoru elmi dərəcəsi almışam. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilimi davam etdirirəm. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən riyaziyyat elmləri üzrə Fəlsəfə Doktoru elmi dərəcəm nostrifikasiya olunmuşdur və 2012-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

- Bankda ilk dəfə hansı vəzifədə işə başlamısınız? İndi hansı vəzifədə çalışırsınız?

- Əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank-da Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışam. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətimi davam etdirmişəm. Paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişəm. 2009-2012-ci illərdə TuranBank-da Birja Əməliyyatları Şöbəsində müdir, 2012-2014-cü illərdə isə həmin bankda Risklərin İdarə Edilməsi Departamentində Direktor vəzifəsində çalışmışam. 2014-cü ilin Mart ayından bu günə qədər Rabitəbank-da Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyirəm.

- Sizi Rabitəbankla birləşdirən dəyər nədir?

- Rabitəbank-ın gənc və dinamik komandası vardır. Hər kəsdə komanda ruhu və qoyulan hədəfə nail olacağımız inancı vardır. Hədəflərimizin nələr olduğu və komanda olaraq birlikdə necə çalışacağımız bütün əməkdaşlar tərəfindən mənimsənilmişdir. Düşünürəm ki, bunlar bizi birləşdirən ən başlıca dəyərlərdir.

Ən sərfəli kredit üçün müraciət et

- Həyatınızda bir mütəxəssis kimi formalaşmağınıza öz təsirini göstərən bir hadisə olub?

- Riyaziyyat üzrə təhsil almam mənə həm analitik düşünmə bacarığı, həm də praktik zəka qazandırıb. Bu da mənim iş həyatımda müsbət rol oynayır. Çalışdığım banklarda aktivlərin idarə olunması, qiymətli kağızlar, valyuta əməliyyatları, kredit risklərinin idarə olunması, kredit və maliyyə analizi üzrə bir neçə xarici mütəxəssislərlə çalışdım və onların məsləhət proqramlarında yaxından iştirak etmişəm. Eyni zamanda xarici banklarda təkmilləşdirmə kursu keçdim. Xarici ölkədə aldığım uzunmüddətli təhsil və bütün bu sadaladıqlarım, bir mütəxəssis kimi formalaşmağımda öz müsbət təsirini göstərmişdir.

- İşdən əlavə nə ilə məşğul olmağı sevirsiniz?

- İşdən əlavə elmi araşdırmalar ilə məşğul oluram. Akademik fəaliyyətdən uzaq qalmaq istəmirəm. Dinamik Sistemlər, Riyazi Analiz, Statistika, Tətbiqi və Maliyyə Riyaziyyatı sahələri üzrə araşdırmalar aparıram. Hal-hazırda 12 ədədi Beynəlxalq dərəcəli jurnallarda çap olunmuş toplam 14 ədəd elmi məqaləm vardır. Son zamanlarda daha çox Risklərin İdarə Olunması üzrə araşdırmalar aparıram. Vaxt olduqca Maliyyə Analizi, Kredit Analizi, Risk Menecement, Qitmətli Kağızlar, Valyuta Əməliyyatları və Törəmə Əməliyyatlar üzrə təlimlər aparıram. Bütün bunlar mənim bankdakı fəaliyyətimə müsbət yöndə təsir göstərir. Bunların xaricində həftə sonları ailəm və dostlarımla vaxt keçirməyi çox sevirəm. Fürsət düşdükcə və vaxt olduqca şahmat, bilyard, boulinq və stolüstü tenis oynamağı xoşlayıram.

- Gənclərə karyera pilləsi ilə yüksəlmək üçün nə etməyi məsləhət görərdiniz?

- Steve Jobs-un bir sözü vardır: Uğur qazanmağın ən başlıca yolu gördüyün işi sevməkdir. Gənclərə məsləhətim budur ki, gördükləri işi sevsinlər, qarşılarına məqsəd qoysunlar və o məqsədə çatmaq üçün daima çalışsınlar. Nəticə alana qədər təkrarlasınlar və əsla vaz keçməsinlər. Özlərini davamlı təkmilləşdirsinlər, yeni bilgilər əldə etsinlər. İş həyatında yüksəlmək üçün özünə hədəf qoymaq, qoyduğun hədəfə inanmaq, çalışmaq və disiplinli olmaq əsas şərtlərdən biridir. Bütün bunlar iş həyatımda mənim əsas prinsiplərim olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et