Müəllif: Tamara Mustafayeva, Banco.az
UEFA Avro 2024 Almaniya iqtisadiyyatına necə təsir göstərəcək?
Banco.az xəbər verir ki, Almaniya hökuməti Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) iqtisadiyyatı sürətləndirməsini gözləyir.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib.
Hesabatda ilin əvvəlində Almaniya iqtisadiyyatının bərpasından sonra ikinci rübün ilk göstəricilərinin hələ də iqtisadi inkişafın davam etməsi ilə bağlı qarışıq mənzərə yaratdığı qeyd olunub. Bildirilib ki, ilin əvvəlindən sənaye, tikinti və xidmət təminatçıları arasında əhval-ruhiyyə göstəricilərində nəzərəçarpacaq yaxşılaşma və bunun "real" iqtisadi məlumatlarda yavaş-yavaş əksi müşahidə edilib.
Vurğulanıb ki, milli komandalar səviyyəsində Avropanın ən mühüm futbol tədbiri olan AVRO 2024 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.
Bu gün start götürəcək və Almaniyanın 10 şəhərində və stadionunda keçiriləcək AVRO 2024 turnirinin ölkəyə təqdimat və iqtisadi xarakterli olmaqla bir çox faydası gözlənir.
Ev sahibi Almaniyanın 10 şəhəri AVRO 2024-ə milyonlarla avro sərmayə qoyuluşu həyata keçirib ki, bir ay davam edəcək turnirdə təxminən 3 milyon azarkeşin yemək, içki və yaşayış xərcləri hesabına turizm gəliri əldə etmək və imicini gücləndirmək hədəflənir.
Alman Pərakəndə Satıcılar Assosiasiyası (HDE) turnir üçün 3,8 milyard avroluq əlavə satışların ediləcəyini proqnozlaşdırıb.
Matçların keçiriləcəyi Münhen, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Ştutqart, Köln və Berlin bu müddət ərzində ölkə daxilindən və xaricdən gələn qonaqları qəbul edəcək.
Xatırladaq ki, daha əvvəl 1988-ci ildə Futbol üzrə Avropa Çempionatının keçirildiyi Almaniya yenidən birləşmədən sonra ilk dəfə Avropanın ən böyük futbol turnirinə ev sahibliyi edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!