Müəllif - Eldar Kərimov/Banco.az
Türkiyənin ən böyük neft emalı zavodu Tupras, ABŞ sanksiyalarına riayət etmək məqsədilə Rusiya nefti və yanacağının tədarükünü məhdudlaşdırır, – Bloomberg xəbər verir.
İstanbulda yerləşən Türkiye Petrol Rafinerileri AS (IS:TUPRS), daha çox Tupras kimi tanınan şirkət, fevral ayından etibarən "Böyük Yeddilik" (G7) ölkələrinin müəyyən etdiyi neft qiymət tavanına uyğun gəlməyən partiyaları qəbul etməyəcək. Bu barədə məsələnin məxfiliyi səbəbindən adının çəkilməsini istəməyən mənbə məlumat verib.
10 yanvarda ABŞ-ın səlahiyyət müddəti başa çatan Bayden administrasiyası Rusiya neft ixracına qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu sanksiyalar 161 tankeri, iki böyük istehsalçını, bir çox treyderi və Moskvanın əsas neft daşınma sığortalayıcısını əhatə edir. Tupras 10 yanvardan sonra qiymət limitindən yüksək olan partiyaların alınmasını dayandırıb, lakin 27 fevrala qədər artıq sifariş edilən partiyaların tədarükünü qəbul edəcək.