Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Türkiyə Cümhuriyyətinin İqtisadiyyat Nazirliyinin başçılığı ilə “Qablaşdırılmış süd və süd məhsulları Sənayeçilər Birliyi”nin (ASÜD) üzvləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azpromonun, 20-dən çox türk şirkətinin və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələrə toxunan Azərbaycan Sahibkarlar Konfederasiyanın prezidenti Məmməd Musayev hər iki ölkə arasında qardaşlıq, dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. Ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən M. Musayev bildirib ki, son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər içərisində türk şirkətləri qabaqcıl yer tutur. ASK-nın prezidenti iki ölkə sahibkarlarının süd və süd məhsullarının istehsalı sahəsində də qarşılıqlı əməkdaşlığın davamı üçün Sahibkarlar Konfederasiyasının lazımı dəstək verəcəyini vəd edib. Konfederasiyanın nəzdində “ASK Biznes Konsaltinq” MMC-nin fəaliyyətə başlaması və bu qurumun xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə və digər məsələlərin həllinə köməklik edəcəyi qonaqların nəzərinə çatdırılıb.
Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün elektron müraciət vasitəsilə qeydiyyatdan keçməyin mümkünlüyü, türkiyəli iş adamlarının fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığı barədə məlumat verilib.
Türkiyənin 115 üzvü olan “Qablaşdırlmış süd və süd məhsulları Sənayeçilər Birliyi”nin (ASÜD) sədri Harun Çallı deyib ki, Azərbaycanda süd və süd məhsullarına olan təlabatı araşdırmaq , bu sahədə çalışan yerli iş adamları ilə birgə işgüzar əlaqələr qurmaq niyyətindədirlər. Qonaq bu sahədə Türkiyənin zəngin təcrübəyə malik olduğunu qeyd edərək, ötən ilin statistik göstəriciləri üzərində dayanıb. Bildirib ki, Türkiyədə istehsal olunan süd məhsulları keyfiyyətinə görə dünyada ilk yerlərdən birini tutur. Belə ki, son 3 ildə süd və süd məhsulları istehsalı sahəsində 40% artım qeydə alınıb. Ötən il isə Türkiyədə 17 mln. 400 min ton süd istehsal olunub. Türk iş adamları Azərbaycanda da bu təcrübəni bölüşmək, ortaq şirkətlərin təməlini qoymaq niyyətindədirlər. Türkiyə nümayəndə heyəti ölkəmizdə əsasən dondurma sahəsində istehsal müəssisələrinin sayının artırılmasının tərəfdarı olduğunu dilə gətiriblər.
Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov Azərbaycanda süd və süd məhsullarının istehsalı və mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Ç.Fərəcov bildirib ki, Azərbaycanda 2 mln. 700 min iri buynuzlu heyvan, 55 süd emalı müəssisəsi var. İl ərzində 1 mln. 700 min ton süd sağılır ki, bu rəqəm heç də qaətbəxş hesab olunmur. Hələlik mağazalarda satılan süd məhsullarının 30% yerli istehsal , 70% -i isə idxal hesabına ödənilir. Nəzərə alsaq ki, hər adambaşına 72 litr süd istehlak edilməlidir, o zaman bu sahədə fəaliyyət göstərən yeni istehsal müəssisələrinin yaradılmasına böyük ehtiyac olduğu dərhal diqqət çəkir. Türkiyə şirkətlərinin bu sahəyə tövhə verə biləcəyini də dilə gətirən Kənd Təsərrüfatı Nazirliyi rəsmisi ölkəmizdə bu sahədə iş qurmaq istəyən türk iş adamlarına nazirlik tərəfindən lazımı dəstəyin veriləcəyini də istisna etməyib.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov süd və süd məhsullarının istehsalının inkişaf etdirilməsinin prioritet sahələrdən olduğunu, bu günədək SKMF tərəfindən süd istehsalı üzrə 7 müəssisəyə güzəştli kredit verildiyini qonaqların diqqətinə çatdırıb. Fondun gələcəkdə daha çox iri heyvandarlıq komplekslərinə kreditlər ayıracağını, bu sahədə təqdim edilən təklifləri dəyərləndirəcəyini də bəyan edib.
Azərbaycanda süd istehsal edən müəssisənin rəhbərləri də çıxış edərək , qonaqları birgə əməkdaşlığa dəvət ediblər.