Müəllif: Tamara Mustafayeva, Banco.az
Azərbaycan ilə Türkiyə arasındakı qaz sazişinin müddəti 2030-cu ilə qədər uzadılıb.
Banco.az xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkəsinin Azərbaycanla qaz müqaviləsinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb.
O, bu barədə “X” sosial media hesabında yazıb.
“Bakı səfərimiz zamanı ötən ay İstanbulda Azərbaycanın iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə imzaladığımız Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişinin infrastrukturunu formalaşdıracaq yeni addımlar atmışıq. BOTAŞ ilə SOCAR arasında imzalanan 4 müqavilə ilə Azərbaycan qazı Türkiyədən keçməklə Avropaya və Naxçıvana, Türkmənistan qazı isə Türkiyəyə çatdırılacaq.
Bununla yanaşı, BOTAŞ və AGSC arasında bu il başa çatacaq təbii qaz tədarükü müqaviləsinin 2030-cu ilin sonuna qədər uzadılmasına da imza atmışıq. Ümid edirəm ki, sazişlər iki qardaş ölkə üçün faydalı olacaq.”
Bizi sosial şəbəkələrdən izləyin!!