Türk çobanın milyarderlik hekayəsi - Hamdi Ulukaya ABŞ bazarını necə silkələdi? | Banco.az

Türk çobanın milyarderlik hekayəsi - Hamdi Ulukaya ABŞ bazarını necə silkələdi?

Time jurnalının “Dünyanın ən uğurlu 100 insanı”, Forbesin “100 canlı iş əfsanəsi” siyahılarında yer alan Hamdi Ulukaya, Çobani brendini köhnə zavodun divarlarını rəngləyərək qurdu. Divarları rəngləyərkən əvvəlcə ideyalar gəldi, ardından da milyonlar.

Amerikada yoqurt imperatorluğu qurmaqla o, oyunun bütün şərtlərini dəyişdirdi. Texnologiya da daxil olmaqla bütün sənaye sahələri arasında ən sürətli inkişaf edən bir işi qurdu. Bəli, o böyüklükdə Amerikada, ən sürətli inkişaf edən biznes, sadəcə bir çobanın oğlunun arzusundan doğdu. Söhbət məhsuldan getmir, söhbət dəyərdən gedir. O dəyər yaratmağı bacarmışdı.

İlk dəfə Amerikaya gələndə, bazardakı məhsullar onu heyrətə gətirmişdi. İnsanlar tərkibində çoxlu miqdarda şəkər, rəngləndiricilər və qoruyucu maddələr olan yoqurtlarla ehtiyaclarını ödəyirdi. Bu bazarda çatışmayan nə isə var idi.

2005-ci ildə köhnə, divarları sökülmüş Kraft Foods-un yoqurt zavodunu alarkən heç bir konkret planı olmayan Hamdi Ulukaya “Hədəfə çatmaq üçün sadəcə yola çıxmaq lazımdır, uğurun sirri inamdadır” deyərək, dünyanı əsl yoqurtla tanış etdi. Bazardakı 3 böyük rəqibini məhsulu satmağa çalışmaqla deyil, istehsal etməyə çalışmaqla geridə qoydu. Çünki o, insanlara lazım olanı verirdi. 2007-ci ildə illik 1 milyard dollar satış edən Çobani bazardakı payını 0.2%-dən, 50%-ə qaldırdı.

2012-ci ildə EY tərəfindən ABŞ-ın ən uğurlu iş adamı seçiləndə, Hamdi Ulukaya artıq 1.75 milyard dollar sərvətin sahibi idi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-a ilk gəldiyində, dilini belə bilmədiyi bir ölkənin yoqurt sənayesinin 10%-ini necə qazandığını soruşduqda, işə sıfır təcrübə ilə, inamla başladığını vurğuladı Hamdi bəy.

Harvard Universitetinin professorlarından biri “Kapitalizmin yeni modeli Chobani”-dir deyə bir məqalə yazdı. Məqaləyə münasibəti hər kəsi düşündürdü Hamdi Ulukayanın:

- “Məni tanıyırsınız. Çoban ailəsində böyümüşəm. Varlı, zəngin insanlara nifrət edərək böyüdüm mən. İş dünyası, kapitalizm, bizneslə əlaqəm, sadəcə un, heyvan yeməkləri, nə bilim şəkərdən, süddən başqa bir şey olmayıb. Köçəri bir kəndli ailəsində bu qədərdən çoxu olmur… Bütün bunlar mənim üçün maneə deyil, yolun sonuna çıxaran işıq oldu. İstədiyin hər şeyi edə bilərsən. Ancaq keçmişinlə aranda olan bağı heç vaxt qırma. Mən işçini də bilirəm, yoxsulu da bilirəm, kənddə çalışanı da bilirəm. Və özümü də bilirəm. Qarsın bir kəndindən Amerikaya gələndə, Amerika mənə “Bacararsan” deyirdi sanki. Mən də özümə “Bacararam” demək istəyirdim, amma bir tərəfdən də nifrət etdiyim o insanlara çevrilmək də istəmirdim.”

Bu gün həyat hekayəsilə çoxlarını ruhlandıran təvazökar milyarder, ABŞ bazarının ənənələrini, türk inamı və dəyərləri ilə silkələdi. Dünyanın ən innovativ 10 markasından biri indi “Çobani”-dir. Və belə uğur hekayələri üçün hələ çox qəhrəmanlar gələcək kimi görünür…

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et