Müəllif:Mehin Qasımova,Banco.az
Kanada ABŞ tariflərinin yaratdığı qeyri-müəyyənliyin qarşısını almaq üçün polad və avtomobil sənayesinə, eləcə də vacib minerallara 8,7 milyard dollar dəstək verəcək.
Banco.az xəbər verir ki,Kanadanın Baş naziri Mark Karni və Ontario Baş naziri Duq Ford ABŞ tariflərinin yaratdığı iqtisadi qeyri-müəyyənliyə qarşı əyalətdəki strateji sektorları və işçiləri dəstəkləmək üçün ümumilikdə 8,7 milyard dollarlıq investisiya və yeni tədbirlər elan etdilər.
Plan polad və avtomobil sektorlarını qorumaq, vacib mineral istehsalını sürətləndirmək, yeni ixrac bazarları yaratmaq və tariflərdən təsirlənən işçiləri və müəssisələri dəstəkləmək məqsədi daşıyır. Bu addımlarla Kanada hökuməti daha müstəqil və dayanıqlı bir iqtisadiyyat qurmağı hədəfləyir.
Polad sektoru üçün beş illik Birgə Polad Fəaliyyət Fondu yaradılacaq. Kanada fonda 3,55 milyard dollar, Ontario isə 1,67 milyard dollar ianə edəcək. Resurslar istehsalı şaxələndirmək, müdafiə, qabaqcıl istehsal və enerji sektorlarında potensialı inkişaf etdirmək və Kanada poladı üçün yeni xarici bazarlar tapmaq üçün istifadə olunacaq. Dövlət satınalmalarında prioritet Kanada və Ontario poladına veriləcək, aşağı qiymətli və subsidiyalı xarici polad idxalına nəzarət isə sərtləşdiriləcək.
Növbəti iki il ərzində avtomobil sektoruna əlavə 2,5 milyard dollar investisiya qoyulacaq. Bu məbləğin 1,5 milyard dolları federal hökumətdən, 1 milyard dolları isə Ontario hökumətindən gələcək. İnvestisiyanın istehsal xətlərinin modernləşdirilməsi və elektrikli nəqliyyat vasitələri istehsalının inkişafı üçün istifadə edilməsi planlaşdırılır.
Ontarioda vacib mineral yataqlarının işlənməsi üçün də investisiya qoyulacaq. Kanada hökuməti əyalətin üç il ərzində təmin edəcəyi 1 milyard dollara qədər maliyyələşdirmə məbləğində vəsait ayıracaq.
