Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın amerikalılara 5 min dollar ödəniş ediləcəyi ilə bağlı vədi ölkədə geniş müzakirələrə və böyük ajiotaja səbəb olub.
Banco.az xəbər verir ki, Trampın gözlənilməz açıqlaması Ağ Evdə və siyasi dairələrdə təklifin necə həyata keçiriləcəyi və hansı mənbələr hesabına maliyyələşdiriləcəyi ilə bağlı suallar yaradıb.
Hər bir vətəndaşa 5 min dollar ödənilməsini nəzərdə tutan təşəbbüsün federal büdcəyə 1 trilyon dollardan çox xərc yarada biləcəyi bildirilir. Bununla belə, Ağ Ev ödənişlərin maliyyələşdirilməsi ilə bağlı hələlik dəqiq mexanizm açıqlamayıb.
Tramp təklifin xarici ticarət tariflərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilə biləcəyini bildirib. Lakin müstəqil hesablamalara görə, tariflərdən əldə edilən gəlirlər planın xərclərinin yalnız kiçik bir hissəsini qarşılaya bilər.
Təklif Respublikaçılar Partiyası daxilində də birmənalı qarşılanmayıb. Bir sıra respublikaçı qanunvericilər və partiya iqtisadçıları təşəbbüsün iqtisadi baxımdan real olmadığı qənaətindədirlər.
Ekspertlər isə belə böyük həcmdə ödənişlərin federal büdcə kəsirini artıracağı və inflyasiya təzyiqlərini gücləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.
Noyabrda keçiriləcək ara seçkilər ərəfəsində gündəmə gələn təşəbbüsün artan yaşayış xərcləri və inflyasiya fonunda seçicilər arasında yaranan narazılığı azaltmağa yönəldiyi də iddia edilir.
Trampın vədinin necə maliyyələşdiriləcəyi və ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi isə hələlik açıq sual olaraq qalır.
