Tramp Yaponiya ilə ticarət sazişi çərçivəsində ilk investisiya layihələrini açıqladı | Banco.az

Tramp Yaponiya ilə ticarət sazişi çərçivəsində ilk investisiya layihələrini açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə imzalanmış ticarət sazişi çərçivəsində ölkənin müxtəlif ştatlarında iri həcmli investisiya layihələrinin həyata keçiriləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" hesabında paylaşım edib.

O bildirib ki, Yaponiya ABŞ-a 550 milyard dollarlıq investisiya öhdəliyinin ilk mərhələsinə start verib. Prezidentin sözlərinə görə, bu, Amerika sənaye bazasının gücləndirilməsi, yüz minlərlə yeni iş yerinin yaradılması və milli, eləcə də iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyan “tarixi” ticarət sazişinin tərkib hissəsidir.

Açıqlamaya əsasən, layihələr ABŞ-ın Texas, Ohio və Georgia ştatlarında həyata keçiriləcək. Texasda neft və qaz, Ohayoda enerji istehsalı, Corciyada isə strateji əhəmiyyətli minerallar sahəsində üç böyük layihənin icrası planlaşdırılır.

Tramp xüsusilə Ohayoda inşa ediləcək qaz zavodunun tarixdə ən böyük obyektlərdən biri olacağını bildirib. O qeyd edib ki, ABŞ körfəzində tikiləcək mayeləşdirilmiş təbii qaz (LNG) zavodu ixracı artıracaq və ölkənin enerji dominantlığını gücləndirəcək. Eyni zamanda, strateji mineral zavodunun xarici resurslardan asılılığı azaltmağa xidmət edəcəyi vurğulanıb.

Prezident əlavə edib ki, sözügedən üç layihə ümumilikdə 36 milyard dollarlıq investisiya öhdəliyini əhatə edir.

Tramp ABŞ-ın yenidən qurulduğunu və istehsal gücünü artırdığını qeyd edərək, bu mərhələnin həm ABŞ, həm də Yaponiya üçün “həyəcanlı və tarixi dövr” olacağını bildirib.