Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp İranın son beş ayda davam edən hərbi qarşıdurma nəticəsində dəymiş ziyana görə ABŞ-dan təzminat tələb etməsinə sərt cavab verib.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranın bu tələbinin əvvəlki görüş və danışıqlarda heç vaxt gündəmə gətirilmədiyini bildirib.
ABŞ prezidenti İranın kompensasiya tələbini “maraqlı bir fikir” kimi qiymətləndirərək, Vaşinqtonun da İranla bağlı münaqişələrdə həlak olan və yaralanan amerikalılar üçün Tehrandan təzminat tələb edəcəyini açıqlayıb.
Tramp xüsusilə ABŞ hərbçilərinin ölümü və ağır yaralanması ilə nəticələnən hücumlara diqqət çəkib. O, həmçinin İran generalı Qasım Süleymani ilə bağlı keçmiş qarşıdurmaları xatırladıb.
ABŞ prezidenti kompensasiya tələbinin əhatə dairəsini daha da genişləndirərək USS Cole hücumunda həyatını itirənlərin ailələrinə, son 50 ildə İran hakimiyyəti tərəfindən öldürüldüyünü bildirdiyi yüz minlərlə etirazçının ailələrinə və son beş ayda həlak olan 52 min nəfərlə bağlı da təzminat ödənilməli olduğunu bildirib.
Trampın açıqlamaları ABŞ və İran arasında sülh danışıqları fonunda tərəflərin mövqelərinin hələ də ciddi şəkildə fərqləndiyini göstərir.
