ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi 145% gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, Çinlə ticarət vəziyyəti həll olunana qədər TikTok müqaviləsini təxirə salmaq niyyətində olduğunu vurğulayıb.
"Bizim TikTok-la bağlı razılaşmamız var, lakin o, Çindən asılı olacaq, ona görə də hər şey yoluna qoyulana qədər müqaviləni dayandıracağıq. Məncə, bu, Çin üçün yaxşı sövdələşmədir. TikTok müqaviləsi Çin üçün yaxşıdır. Və düşünürəm ki, onlar bizim sövdələşmə etməyimizi istərdilər".
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Eyni zamanda, aprelin 9-da Tramp bir sıra ölkələr və ərazilər üçün qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev izah etdi ki, fasilə ticarət danışıqları ilə bağlıdır. Bu müddət ərzində 10% universal tarif tətbiq olunacaq.