Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp: “Apple” çip dizaynı və istehsalı üçün "Intel" ilə əməkdaşlıq edəcək.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında etdiyi paylaşımda bildirib: “Dünyanın etibar etdiyi texnologiyalar Amerikada yaradılıb. Səriştəsiz prezidentlər iqtisadiyyatımızın dəyərini qiymətləndirmədilər və Tayvanın, eləcə də digər ölkələrin yarımkeçirici zavodlarımızı əlimizdən almasına imkan verdilər. Onlar sənayemizi gömrük rüsumları ilə qorumağı unutdular.”
İkinci dəfə vəzifəyə qayıtdıqdan sonra yarımkeçirici sənayesinin yenidən ABŞ-a qaytarılmasının vacibliyini gördüyünü qeyd edən Tramp çiplərin layihələndirildiyini, lakin onların ölkə daxilində istehsal edilməsinin də zəruri olduğunu vurğulayıb.
Tramp bildirib: “Məhz buna görə də “Intel”ə dəstək verməyə qərar verdim. Çünki çiplərimizi burada, Amerikada həm layihələndirməli, həm də istehsal etməliyik. İlk olaraq, “Nvidia”nın ABŞ-a gəlməsinə kömək etdik və şirkət ən qabaqcıl çiplərini ‘Intel’ ilə birlikdə istehsal etməyə razılıq verdi. Daha sonra İlon Mask ‘Intel’in texnologiya komandası ilə birgə hazırlanan və dünyanın ən böyük çip fabriki hesab edilən ‘TerraFab’ın yaradılmasına razılıq verdi. Nəhayət, “Apple” da çiplərinin ABŞ-da layihələndirilməsi və istehsalı üçün ‘Intel’ ilə əməkdaşlıq etməyi qəbul etdi.”
Tramp xatırladıb ki, “Intel”ə səhmlərinin 10 faizi müqabilində dəstək göstərilməsi qərarı verilmişdi. O bildirib ki, həmin təklif irəli sürülən zaman şirkətin bazar dəyəri təxminən 100 milyard dollar idi, hazırda isə bu göstərici 600 milyard dolları ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
