Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp Ağ Evin mobil tətbiqini təqdim edib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş verən yeniliklərin izlənilə biləcəyi yeni bir ağıllı telefon tətbiqinin hazırlandığını və bu tətbiqin Ağ Ev xəbərlərinə “ən ön sıradan” çıxış əldə etməyin ən sürətli yolu olacağını açıqlayıb.
Donald Tramp sosial media hesabında paylaşdığı videomüraciət vasitəsilə “bütün Ağ Ev tədbirlərinin” izlənilə biləcəyi tətbiqi təqdim edib.
Açıqlamasında, “Bu gün rəhbərlik etdiyim administrasiyanın, sevimli prezidentiniz Donald C. Trampdan gələn bütün xəbərlərə sizə ən ön sıradan çıxış imkanı yaradan yeni və rəsmi Ağ Ev tətbiqini istifadəyə verdiyini elan etməkdən məmnunluq duyuram” ifadələrini işlədən Donald Tramp tətbiqin bu gündən etibarən “Apple” və “Android” mağazalarında əlçatan olduğunu bildirib.
Donald Tramp tətbiqin adının “The White House” (Ağ Ev) olduğunu qeyd edərək, “Bu tətbiq vasitəsilə bütün Ağ Ev tədbirlərini izləyə, bütün prezident sərəncamlarımı oxuya və verdiyimiz bütün vədlərin icrasını nəzarətdə saxlaya bilərsiniz” deyə vurğulayıb.
Seçkilərdən əvvəl bu istiqamətdə vəd verdiyini xatırladan Donald Tramp, həmin vədini yerinə yetirdiyini bildirərək əlavə edib: “Dediklərimizdən daha artıq iş gördük. Hər bir amerikalı hökumətindən şəffaflıq gözləməlidir; Tramp administrasiyası isə tarixdə ən şəffaf idarəçilikdir.”
Donald Tramp ABŞ-ın keçmiş prezidenti Co Bayden dövrünə də toxunaraq bildirib: “İnanıram ki, ‘Amerikanı yenidən möhtəşəm etmək’ ifadəsi siyasi tarixdə ən mühüm və ən güclü ifadələrdən biridir. Biz Amerikanı yenidən möhtəşəm etdik və indi bu möhtəşəmliyi qorumaq istəyirik.”
Ağ Evin sosial media hesabında edilən paylaşımda da Donald Trampın sözügedən videosu və tətbiqin yükləmə keçidlərinə yer verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
