Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazına nəzarəti təmin edəcəklərini, boğazdan keçən yüklərdən isə 20% ödəniş alınacağını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində və daha sonra sosial media hesabında paylaşımında bildirib.
İranla gərginlikdən danışan ABŞ prezidenti Hörmüz boğazı ilə bağlı sualı cavablandırarkən, "Biz boğazı ələ keçiririk. Onların (İranın) orada heç bir şeyi yoxdur", - deyə bildirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı sərt mövqeyini davam etdirəcək və Hörmüz boğazının təhlükəsizliyinə nəzarət edəcək.
"Biz Hörmüz boğazını əlimizdə saxlayacağıq. Yəqin ki, onu idarə edəcəyik. Boğazın keşikçiləri biz olacağıq", – deyə Tramp vurğulayıb.
Tramp bildirib ki, ABŞ uzun illərdir Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verir, lakin bunun qarşılığında heç bir ödəniş almayıb.
ABŞ prezidenti əlavə edib ki, bundan sonra Hörmüz boğazından keçən bütün yüklərə görə 20% ödəniş tətbiq olunacaq.
"Hörmüz boğazı İranla və ya İransız açıq qalacaq. ABŞ bundan sonra Hörmüz boğazının keşikçisi kimi tanınacaq və təhlükəsizliyin təmin olunması üçün daşınan bütün yüklərə görə 20 faiz ödəniş alacaq", – deyə o bildirib.
Tramp həmçinin İranla aparılan danışıqlara toxunaraq, tərəflər arasında razılaşmanın əldə olunduğunu, lakin sonradan İranın onu pozduğunu iddia edib. Onun sözlərinə görə, ABŞ və İran arasında indiyədək bir neçə razılaşma əldə olunsa da, Tehran öhdəliklərinə əməl etməyib.
