Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ştatlar Hindistana tətbiq edilən tarifləri azaltmaq imkanını hələlik nəzərdən keçirmir.
Banco.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Tramp bildirib: “Xeyr, biz Hindistanla yaxşı anlaşırıq, lakin bu, uzun illərdir ki, birtərəfli münasibətdir.”
Prezidentin sözlərinə görə, bəzi bölgələrdə Hindistanın Amerika məhsullarına tətbiq etdiyi tariflər 200%-ə çatır.
O, misal olaraq, Harley Davidson motosikletlərini göstərib: “Harley Davidson Hindistanda ticarət edə bilmədi, çünki motosikletlərin tarifləri 200% idi. Nəticədə şirkət Hindistanda motosiklet fabriki tikdi və indi rüsum ödəmir.”
Qeyd edək ki, Hindistan və ABŞ fevral ayında baş nazir Narendra Modinin Vaşinqtona səfərindən sonra hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayıblar. İki ölkə 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini 500 milyard dollara çatdırmağı hədəfləyir.
Sazişin payızda imzalanması planlaşdırılsa da, avqustun 25-nə nəzərdə tutulan ABŞ nümayəndə heyətinin Hindistana səfəri ləğv edilib.