Müəllif: Mehin Qasımova, Banco.az
“Toyota” dünyanın ən çox satılan avtomobil modellərindən biri olan “Corolla”nın yeni nəslini təqdim etməyə hazırlaşır.
Avtomobilin daha müasir dizayna, təkmilləşdirilmiş platformaya və geniş mühərrik seçiminə sahib olacağı gözlənilir.
Banco.az xəbər verir ki, yeni “Corolla” ailəsinin 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.
Modelin benzin və hibrid versiyaları ilə yanaşı, qoşulan hibrid və tam elektrikli variantlarının da istehsalı nəzərdən keçirilir.
Bu dəyişiklik “Toyota”ya eyni model ailəsi çərçivəsində dörd fərqli güc ötürücü seçimi təklif etmək imkanı verəcək. İlk dəfə 1966-cı ildə satışa çıxarılan “Corolla” indiyədək dünya üzrə 57 milyondan çox satılıb. Modelin bazardakı mövqeyi də güclü olaraq qalır. Belə ki, 2025-ci ildə ABŞ-da 248 min 88 ədəd “Corolla” satılıb və model ölkənin ən çox satılan 11-ci avtomobili olub.
“Toyota” yeni mühərrik seçimlərini dəstəkləmək üçün mövcud “Corolla” platformasını yenidən işləyir. Hazırlanan yeni hibrid sistemin 1,5 litrlik dörd silindrli benzin mühərriki ilə elektrik mühərrikini birləşdirəcəyi gözlənilir. Sistemin ümumi gücünün 134 at qüvvəsi olacağı, yanacaq səmərəliliyinin isə mövcud sistemlə müqayisədə 10-20 faiz yaxşılaşacağı bildirilir.
Yeni model ailəsinin ən mühüm yeniliklərindən biri tam elektrikli “Corolla” olacaq. Bu versiyanın bir və iki elektrik mühərrikli modifikasiyalarda təqdim edilməsi planlaşdırılır. Avtomobilin bir şarjla ən azı 402 kilometr məsafə qət etməsi hədəflənir.
“Toyota”nın yeni nəsil “Corolla” ilə həm ənənəvi mühərriklərə üstünlük verən, həm də elektrikli avtomobillərə maraq göstərən alıcılar üçün daha geniş seçim imkanları yaratmağa çalışdığı gözlənilir.
