Torpaq münasibətlərinin tənzimlənməsi kiçik və orta sahibkarların işlərini asanlaşdıracaq | Banco.az

Torpaq münasibətlərinin tənzimlənməsi kiçik və orta sahibkarların işlərini asanlaşdıracaq

Bu ay ölkə başçısı aqrar sahədə pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzaladı.

Fərmana əsasən 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu fərmanın icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı sözügedən fərmanın üstünlüklərindən danışıb:

“Torpaq münasibətlərinin tənzimlənməsinin yerlərdə şəffaf şəkildə həyata keçiriləcəyi təqdirdə yeni qərardan fermerlər və kəndlərdə torpağı olan şəxslər faydalana biləcəklər. Uzun müddət torpaqların rəsmiləşdirilməməsi torpağın başqa birinə verilməsi, ailə üzvləri arasında bölüşdürülməsi və digər məsələlərdə fermerlər və digər torpaq sahibləri üçün müəyyən çətinliklər yaradıb. Düşünürəm ki, bu fərmandan irəli gələn məsələlər yerlərdə şəffaf şəkildə həyata keçirilirsə, böyük əhəmiyyəti olacaq. Çünki bir çox fermerlərin arasında torpaq mübahisələri var. Bu mübahisələrin müsbət nəticələndirilməsi baxımından qərarın əhəmiyyəti böyükdür.

Dosent qeyd edib ki, yeni fərman kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək:

“Bu fərmandan irəli gələn tənzimləmə məsələləri ölkədə kənd təsərrüfatının inkişafına, fermerlərin planlı şəkildə fəaliyyətinə də müsbət təsir edəcək. Çünki torpaq rəsmiləşdirilmədiyi təqdirdə fermerlərin kredit alması çətinləşir, dövlət tərəfindən verilən subsidiyaları alması problemə çevrilir. Düşünürəm ki, paralel olaraq təbii təsərrüfat sahələrinin inventarizasiyası da yenidən həyata keçirilməlidir. Bir müddət öncə torpaqların kateqoriyalara bölünməsi məsələsi gündəmə gəlmişdi. Bildiyim qədərilə bu sahədə də müəyyən işlər görülür. Həmin işlərin də tamamlandığı zaman bu fərmanın həyata keçirilməsi daha rahat olacaq. Fermerlərin özlərinin də təşkilatlanması lazımdır. Torpaq tənzimlənməsi barədə yeni fərman aqrar sığortanın yayılmasına da yardımçı olar”.

“Bölgələrdə böyük təsərrüfatlar üçün torpaqların rəsmiləşdirilməsində adətən problem olmur. Problem orta və kiçik sahibkarlar üçün yaranır. Bu fərman orta və kiçik sahibkarların işlərini xeyli asanlaşdıracaq. Onların kənd təsərrüfatına lazım olan vasitələrin alınmasında da işləri asanlaşacaq. Önəmli olan fərmanın bölgələrdə şəffaf şəkildə həyata keçirilməsidir”, - Q.Bayramlı bildirib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram