Törəmə maliyyə aləti iki və daha çox şəxs arasında hər hansı maliyyə aktivi, indeks , maliyyə aləti və s. obyektlər üzrə qiymət razılaşmasına əsaslanır. Danışılan müqavilə obyektlərinə məhsul, istiqraz, səhm, müxtəlif valyutalar, faiz dərəcəsi və bazar indeksləri daxildir.
Ən sadə formada törəmə maliyyə alətlərinə fyuçerslər, forvardlar, opsionlar, svap və varrantlar daxildir. Bunlara həmçinin derivativlər də deyilir. Derivativlər ona görə törəmə maliyyə aləti hesab olunur ki, onların dəyəri əsasında yarandığı müqavilənin və obyektin dəyərindən formalaşır, törəyir. Məsəslən, səhm opsionlarının dəyəri səhmin dəyərinə görə müəyyən olunur.
Törəmə maliyyə alətləri spekulyativ və hedcinq məqsədləri üçün istifadə olunur. Spekulyatorlar aktivlərin, indekslərin və maliyyə alətlərinin qiymət dəyişimini ehtimal edərək bundan gəlir əldə etməyə çalışırlar. Hedcerlər isə risklərdən qorunmaq üçün törəmə maliyyə alətlərindən istifadə edirlər.
Məsələn, məhsul əsasında yaranan törəmə maliyyə alətləri daha çox fermerlər tərəfindən istifadə olunur. Bunun səbəbi məhsulun qiymət dəyişiminə qarşı özünü sığortalamaqdır.
Törəmə maliyyə alətlərinin əsas məqsədi riskin qarşısını almaq və eyni zamanda qiymət dəyişimindən gəlir əldə etməkdir.
Törəmə maliyyə alətləri ikinci (təkrar) bazarda yaranır və mübadilə olunur.