Müəllif:Mehin Qasımova,Banco.az
“Titanik”in ən zəngin sərnişinlərindən birinə məxsus 18 karatlıq qızıl cib saatı 2,3 milyon dollara satılıb.
Banco.az xəbər verir ki, 14 aprel 1912-ci ildə aysberqlə toqquşaraq 1500-dən çox sərnişinin həyatını itirdiyi faciəvi gəmi qəzası ilə bağlı bu nadir əşya şənbə günü İngiltərədə keçirilən hərracda yeni rekorda imza atıb.
Wiltshire ştatının Devizes şəhərində Henry Aldridge and Son Auctioneers tərəfindən təşkil olunan hərracda saatın son satışı 2,3 milyon dollarla yekunlaşıb.
Satılan saat qəzada həyat yoldaşı İda ilə birlikdə həlak olan və “Titanik”in ən varlı sərnişinlərindən sayılan iş adamı Isidor Strausa məxsus olub.
Məlumata görə, yaşı nəzərə alınaraq xilasedici qayığa minmək təklif edilən Isidor Straus bunu rədd edib və digər kişilərlə birlikdə gəmidə qalaraq ölüm riskini seçib.
Almaniyada doğulan, daha sonra ABŞ Nümayəndələr Palatasının üzvü olan iş adamının cəsədi faciədən sonra Atlantik okeanında tapılıb. Onun Jules Jurgensen markalı 18 karatlıq qızıl cib saatı digər əşyaları ilə birlikdə ailəsinə təhvil verilib.
Onun həyat yoldaşı İda Straus isə xilasedici qayığa minməkdən imtina edərək ərinin yanında qalıb və həlak olub. İdanın cəsədi heç vaxt tapılmayıb.
“Saat”la yanaşı “Titanik”ə aid digər əşyaların satışı ilə birlikdə hərracın ümumi gəliri 3 milyon dollara yüksəlib.
Bu satış yeni rekord qırıb. Əvvəlki rekord “Titanik”də 700-dən çox sərnişini xilas edən Karpat gəmisinin kapitanına hədiyyə edilən qızıl cib saatına aid idi. Həmin saat ötən il 2 milyon dollara satılmışdı.
