Finlandiyadan maraqlı layihə: Xaricilərə pulsuz səyahət imkanı yaradır | Banco.az

Finlandiyadan maraqlı layihə: Xaricilərə pulsuz səyahət imkanı yaradır

Müəllif:Mehin Qasımova,Banco.az

Finlandiya qastronomik turizmi inkişaf etdirmək məqsədilə yeni layihəyə start verir.

Banco.az xəbər verir ki, Finlandiyanın turizm qurumu olan "Visit Finland" tərəfindən həyata keçirilən proqram çərçivəsində 16 xarici qonaq bütün xərcləri qarşılanmaqla ölkəyə dəvət olunacaq.

Layihənin əsas məqsədi Finlandiyanın mətbəx mədəniyyətini dünyada daha geniş tanıtmaq və ölkəni qastronomiya sahəsində İtaliya, Fransa və İspaniya kimi məşhur ölkələrlə eyni səviyyədə təqdim etməkdir.

Sentyabr ayında keçiriləcək proqram zamanı seçilmiş iştirakçılar Finlandiyanın müxtəlif bölgələrinə aid xüsusi menyularla tanış olacaqlar. Qonaqlar iki qrupa bölünərək 4 günlük qastronomik səyahətə çıxacaqlar.

Proqramın bir hissəsi ölkənin Sahil və Arxipelaq bölgəsində, digər hissəsi isə Laplandiyada keçiriləcək. Sahil bölgəsindəki menyu Michelin ulduzlu Kaskis restoranının aşpazı Erik Mansikka tərəfindən hazırlanacaq. Laplandiya marşrutunda isə "Sky Kitchen & View" restoranının aşpazı Coel Manninen qonaqlara xüsusi yeməklər təqdim edəcək.

Layihədə iştirak etmək istəyən şəxslər “Niyə Finlandiya mətbəxini dadmaq istəyirsiniz?” sualına cavab olaraq qısa video çəkib "Instagram" və ya "TikTo"k platformasında paylaşmalıdırlar. Müraciətlər 18 may – 9 iyun tarixlərində qəbul olunacaq, qaliblər isə 29 iyunda elan ediləcək.