Tesla-ya yeni rəqib: Rivian avtonom idarəetməyə keçir | Banco.az

Tesla-ya yeni rəqib: Rivian avtonom idarəetməyə keçir

Müəllif:Mehin Qasımova,Banco.az

Elektrikli nəqliyyat vasitələri istehsalçısı Rivian avtonom idarəetmə sahəsində mühüm yenilik elan edib.

Banco.az xəbər verir ki, şirkət təxminən 45 min dollar qiymətə təqdim ediləcək "R2 SUV" modeli üçün hazırladığı "Rivian Autonomy Processor" (RAP1) adlı süni intellekt çipini təqdim edib.

Bu addım Rivian-ın "Nvidia" çiplərindən asılılığını azaltmaqla yanaşı, xərclərin optimallaşdırılmasına xidmət edir.

Şirkətin açıqlamasına görə, RAP1 çipi 5 nanometrlik texnologiya ilə istehsal olunub və 4-cü səviyyəli avtonom idarəetməni dəstəkləyəcək. Bu isə əksər yol və şəraitlərdə sürücünün müdaxiləsi olmadan avtomobilin hərəkətini mümkün edəcək.

Eyni zamanda, mövcud R1T və R1S modelləri üçün yeni OTA (hava üzərindən) yeniləmələri təqdim olunacaq. Yeniləmələr nəticəsində əlsiz idarəetmə məsafəsinin 150 min mildən 3,5 milyon milə qədər artırılacağı bildirilir. Bundan əlavə, sürətli şarj imkanları, süni intellekt əsaslı köməkçi sistemlər və nöqtə-nöqtə naviqasiya funksiyaları da istifadəyə veriləcək.

Qeyd edək ki, RAP1 çiplərindən ikisi Rivian-ın ACM3 adlı üçüncü nəsil muxtar hesablama modulunda istifadə olunacaq. Mütəxəssislər bu yenilikləri "Tesla" üçün ciddi rəqabət elementi kimi qiymətləndirirlər.