TDT-in iqtisadi gələcəyi nə vəd edir? | Banco.az

TDT-in iqtisadi gələcəyi nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Türk Dövlətləri Təşkilatının gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq. İlk görüləsi iş TDT-nın koordinasiya qurumlarının yaradılmasıdır. Hərbi-təhlükəsizlik, iqtisadi, mədəni, xarici siyasətlə bağlı katibliklər yaradılmalıdır. Bundan başqa, TDT ölkələrinin Parlament nümayəndələrinin təşkilatı da olmalıdır”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Avropa Parlamentinin prinsiplərinə uyğun əhali sayı kvotalarına görə, məşvərətçi statusunda daimi parlamentar orqan təsis edilməlidir:

“Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 170 mln.-a, ümumi ÜDM-i isə 1,4 trilyon dollara yaxındır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir. 

Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracatı 256 mlrd. dollar, idxalı 362 mlrd. dollar olub. Türkiyənin əsas ticarət tərəfdaşları AB ölkələridir”. 

Ən sərfəli kredit üçün müraciət et

Natiq Cəfərli hesab edir ki, Xəzərin o tayında olan ölkələrin iqtisadi olaraq Çinə, Rusiyaya bağlı olması, TDT-in işləkliyinə təsir edəcək:

"Əgər bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problematik olacaq.
Qeyd edim ki,  Azərbaycanın 2023-də ixracı 33,8 mlrd. dollar, idxalı 17,2, bizim ölkənin də ən böyük ticarət tərəfdaşı AB ölkələridir. 
Qazaxıstanın 2023-də ticarət dövriyyəsi 140 mlrd. dollar olub. Birinci yerdə Rusiya, 2-ci yerdə Çin, 3-cü yerdə Türkiyədir. AB ölkələrindən Fransa 9-cu, İtaliya 10-cu yerdədir. 
Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 mlrd. dollar olub ki, bunun 38%-i tək Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. AB ölkələri ilə əlaqə zəifdir. 
Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 mlrd. dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşür. AB ölkələrindən bir tək Almaniya 1,7% payla 7-ci yerdədir. 
Türkmənistanın da 1 nömrəli ticarət tərəfdaşı Çin, 2-ci yerdə Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 mlrd. dollar olub ki, bu da, ümumi dövriyyənin, təxminən, 50% civarındadır. 
Hesab edirəm ki, Çin-Rusiya iqtisadi ekspansiyasına rəqib olmaq üçün  TDT+AB dövlətləri bağının qurulması vacibdir”.

Ən sərfəli krediti almaq üçün müraciət et