Tamara Mustafayeva, Banco.az
Siyasətçilərdən iş adamlarına qədər bir çox dünyaca məşhur şəxsin Twitter hesabları xakerlər tərəfindən ələ keçirilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən məşhurların sırasına sabiq ABŞ prezidenti Barak Obama, Demokratlar partiyasının üzvü və bu ilki prezident seçkilərində naziməd olan Co Bayden, Amazon şirkətinin CEO-su Ceff Bezos, Microsoft şirkətinin təsisçisi Bill Qeyts, Tesla şirkətinin CEO-su İlon Mask, milyarder iş adamı Maykl Blomberg və tanınmış reper Keyn Vest də daxildir. Bu tanınmış şəxslərlə yanaşı Apple və Uber kimi şirkətlərin rəsmi sosial media hesabları da ələ keçirilib.
"Twitter hesablarının ələ keçirilməsinə yol açan təhlükəsizlik problemindən xəbərdarıq"
Qeyd edək ki, xakerlər tərəfindən ələ keçirilən hesablardan edilən paylaşımlarda anonim Bitkoin ünvanının məlumatları verilərək sözügedən hesaba pul köçürülməsi istənilib. Bu paylaşımların əksəriyyətində qeyd edilən Bitkoin hesabına göndərilən hər 1000 dollar müqabilində 2000 dollar qazanılacağı bildirilib.
Hadisədən dərhal sonra Twitter şirkəti məsələ ilə bağlı açıqlama edib. Açıqlamada, "Twitter hesablarının ələ keçirilməsinə yol açan təhlükəsizlik problemindən xəbərdarıq. Araşdırma aparır və düzəltmək üçün addımlar atırıq. Hər kəsə qısa müddət ərzində məlumat verəcəyik.", ifadələrindən istifadə edilib.
Xatırladaq ki, ələ keçirilən Twitter səhifələrindən edilən paylaşımlar bir müddət sonra silinib.
Həmçinin oxu: Twitter-a da Story funksiyası əlavə olunur
Bizi sosial şəbəkələrdən izləyin!!