Tanınmış avtomobil markası 1 milyard dollara robot şirkəti aldı | Banco.az

Tanınmış avtomobil markası 1 milyard dollara robot şirkəti aldı

Tamara Mustafayeva, Banco.az

Bir müddət əvvəl dünya miqyasında böyük marağa səbəb olan robot istehsalçısı "Boston Dynamics" şirkətinin Hyundai Motor Company tərəfindən satın alınacağı iddia edilmişdi. Ötən həftə iddialar təsdiqini tapdı və Hyundai tanınmış robot istehsalçısını satın aldı. 

Cənubi Koreyalı mənbələrin bildirdiyinə görə, Yaponiyanın "SoftBank" maliyyə müəssisəsinə məxsus "Boston Dynamics" şirkətinin satışı 921 milyon dollara həyata keçirilib.

Avtomobil istehsalçısı Hundai şirkətinin sözügedən robot istehsalçısı şirkəti hansı məqsədlə satın aldığı və bu şirkətdən hansı formada istifadə edəcəyi isə hazırda bəlli deyil. Ancaq ehtimallara görə, şirkət "Spot" adlı populyar robot itin hazırlanmasında tətbiq edilən avtonom texnologiyalardan avtomobillərin mobilliyini təmin etmək üçün və ya fabriklərdə istifadə edə bilər.

Qeyd edək ki, Hyundai, əsasən avtomobil istehsalçısı kimi tanınsa da, əslində şirkət təkcə bu işlə məşğul olmur. Beldən aşağı iflic olan insanların gəzməyinə yardımçı olmaq üçün geyinilə bilən robot istehsal edən şirkət bəlkə də "Boston Dynamics"-in texnologiyasından bu sahədə istifadə edəcək.

Xatırladaq ki, 1992-ci ildə Amerika Milli Mühəndislik Akademiyasının üzvü olan Marc Raibert və onun komandası tərəfindən sözügedən müəssisədən asılı olmadan təsis edilən robot dizaynı və istehsalı ilə məşğul olan "Boston Dynamics" ilk dəfə 2013-cü ildə Google tərəfindən satın alınmış və "Spot" adlı robot itlə məşhurlaşmışdı. 2015-ci ildə təqdim edilən "Spot" dörd ayağı ilə qaça, pilləkənləri çıxa və qapıları aça bilirdi. Fəaliyyətini davam etdirən və robotlarını daha da təkmilləşdirib Avropa və Kanadada satmağa başlayan firma axırıncı dəfə 2017-ci ildə "SoftBank"-a satılmışdı.

Həmçinin oxu: Hyundai elektrik avtomobilləri üçün yeni marka yaradır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram