Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan sahibkarlar üçün təlim keçirilib | Banco.az

Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan sahibkarlar üçün təlim keçirilib

Cəmiyyətin həssas kateqoriyasından olanların, o cümlədən əlilliyi olan şəxslərin öz bizneslərini qurması və inkişaf etdirməsi üçün dəstək tədbirləri genişləndirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzinin növbəti təlimləri bu kateqoriyadan olan sahibkarlar üçün təşkil olunub.

Oktyabrın 8-də Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan mikro sahibkarlar üçün “Öz biznesinə başla” mövzusunda təlim keçirilib. Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə təlimçi-ekspert Araz Paşayev tərəfindən biznesə başlamaq və mövcud biznesi genişləndirmək üçün zəruri addımlar, o cümlədən biznes üçün müvafiq istiqamətin seçilməsi, marketinq, satış, tərəfdaşlığın qurulması, mövcud maliyyə alətləri, vergi güzəştləri və digər istiqamətlər üzrə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

“Əlil sahibkarlar təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev əlilliyi olan şəxslərin öz biznesini qurması və inkişaf etdirməsi üçün biznesyönümlü təlim və məsləhət xidmətlərinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Sumqayıt KOB İnkişaf Mərkəzi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən bu cür tədbirlər mütəmadi olaraq təşkil olunacaqdır. Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim-tədris xidmətləri üçün Sumqayıt KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et