"Stellantis"-in illik xalis mənfəəti üç dəfə azalıb | Banco.az

"Stellantis"-in illik xalis mənfəəti üç dəfə azalıb

Müəllif - Eldar Kərimov - Banco.az 

Avropa avtomobil konserni "Stellantis NV" 2024-cü ildə avtomobil satışlarının azalması səbəbindən xalis mənfəət və gəlirində düşüş qeydə alıb.

"Stellantis"in 2024-cü ildə gəliri 17% azalaraq 156,9 milyard avroya düşüb, bu, əvvəlki ilin 189,54 milyard avrosu ilə müqayisədə xeyli aşağıdır.

Avtomobil tədarükləri 12% azalaraq 5,4 milyon ədədə enib.

Xalis mənfəət üç dəfədən çox azalaraq 5,5 milyard avroya düşüb.

Birdəfəlik amillər nəzərə alınmadan əməliyyat mənfəəti 64% azalaraq 8,65 milyard avroya enib, bu göstərici üzrə gəlirlilik isə 5,5% təşkil edib.

"FactSet" tərəfindən sorğulan ekspertlər orta hesabla "Stellantis"in gəlirini 156,18 milyard avro, düzəliş edilmiş əməliyyat mənfəətini isə 8,9 milyard avro səviyyəsində proqnozlaşdırmışdılar.

2025-ci ildə şirkət gəlirin və sənaye əməliyyatlarından sərbəst pul axınının artmasını, həmçinin düzəliş edilmiş əməliyyat mənfəəti üzrə gəlirliliyin 4-6% səviyyəsində olmasını gözləyir.

Şirkətin direktorlar şurası bir səhmə 0,68 avro dividend tövsiyə edib. Ötən il dividendlər bir səhmə 1,55 avro təşkil edirdi. Rəhbərlik ikinci yarımildə səhm geri alış proqramının keçirilməsi imkanını nəzərdən keçirməyi planlaşdırır.

2021-ci ilin əvvəlində "Fiat Chrysler Automobiles NV" (FCA) və "PSA Group"un birləşməsi nəticəsində yaradılmış "Stellantis"in səhmləri çərşənbə günü Milan birjasında 5% ucuzlaşıb. Son 12 ayda şirkətin kapitallaşması təxminən iki dəfə azalaraq 40 milyard avroya düşüb.