“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb | Banco.az

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

Xidmət sektoru üzrə mobil tətbiq və onlayn platformalar yaratmış daha 6 KOB subyekti mənfəət və ya gəlir vergisindən azad edilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.

“Startap” şəhadətnamələri "Money-Tunnel" MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması, "Yax" MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, "Jİ Studio" MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, "Ainuverse" MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Ən sərfəli krediti almaq üçün müraciət et