Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük qəhvə dükanları şəbəkəsinə sahib olan Amerikanın “Starbucks” şirkəti dördüncü maliyyə rübündə mənfəət və gəlirini azaldıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Qeyd olunur ki, sentyabrın 29-da başa çatan rüb üçün düzəliş edilmiş mənfəət, əvvəlki maliyyə ilindəki hər səhm üçün 1,06 dollar ilə müqayisədə 0,8 dollar təşkil edib. Bundan əlavə, şirkətin rüblük gəliri bir il əvvəlki 9,37 milyard dollardan 9,1 milyard dollara düşüb.
Qlobal müqayisəli satışlar 7%, o cümlədən Şimali Amerikada 6% və Çində 14% azalıb.
Son maliyyə ilinin nəticələrinə görə, “Starbucks”ın mənfəəti 8% azalaraq hər səhmə görə 3,31 dollar, gəliri isə 1% artaraq 36,18 milyard dollar təşkil edib.
Maliyyə göstəricilərinin pisləşməsinə baxmayaraq, “Starbucks”ın direktorlar şurası bir il əvvəl səhm üçün 57 sentlə müqayisədə rüblük dividendləri səhm başına 61 sent olaraq təsdiqləyib.
Şirkət baş direktorun dəyişməsi ilə əlaqədar cari maliyyə ili üçün proqnoz verməmək qərarına gəlib. Xatırladaq ki, əvvəllər “Chipotle Mexican Grill” restoranlar şəbəkəsinə rəhbərlik edən Brayan Nikkol sentyabrın 9-dan etibarən “Starbucks”ın baş icraçı direktoru vəzifəsini icra edir.