Çin ölkə olaraq bir çox sənaye sahələrində autsorsinq rolu oynamaqda davam edir. Ucuz işçi qüvvəsi və az kapital bu işi daha da asanlaşdırır. Lakin ölkənin tək tanındığı sahə bu deyil. Çin həmçinin bir çox markaların ən böyük rəqibi də hesab oluna bilər, çünki əhali sayısı böyük olan bir dövlət olduğundan yerli məhsul alışı da yetərincə böyük kütləni əhatə edir. Məhz bu mövzuda Çin şirkətləri iıə rəqabət aparmaq bir qədər çətindir. Belə şirkətlərdən biri də Starbucks şirkəti hesab oluna bilər, çünki artıq Çin qlobal kofe restoranlar şəbəkəsinə rəqib olacaq səviyyədə özünü tanıtmağa başlayıb. Lukkin Coffee adı ilə tanınan marka hələ ki, Çin bazarında fəaliyyətini uğurla davam etdirir. 2017-ci ilin noyabrında yaranan şirkət Çinin böyük şəhərləri olan Pekin və Şanxayda öz fəaliyyətini uğurla davam etdirməkdədir. Şirkət avtomobil servisi şirkəti olan UCAR-ın baş əməliyyat direktoru tərəfindən yaradılıb. Həmin şirkətin baş direktoru Lu Zhengyao isə Lukkin Coffee-nin əsas investoru olmaqla bərabər 2018-ci ilin may ayının sonunadək 525 belə kofe servis edən restoran açmağa müvəffəq ola bilib.
Buna baxmayaraq şirkətin çoxlu sayda rəqibi də mövcuddur, hansı ki, onlar içərisində Starbucks, Costa Coffee, 7-Eleven, McDonalds və s. kimi markalar olduqca geniş kütlə tərəfindən istifadə olunur.
Lukkin Coffee-nin yaranma səbəbi Çində kofeyə olan marağın getdikcə artması ilə əlaqədardır. Araşdırmalara görə 2020-ci ilədək Çində kofe istifadəsi ölkədə 300 milyard yuana qədər çata bilər.
Lukkin Coffee hədəf kütlə olaraq gəncləri seçdiyi üçün öz reklam kampaniyasında da ölkədə tanınan gənc aktyor və aktrisalara yer verib. Şirkət hal-hazırda texnoloji vasitələrin verdiyi üstünlüklərdən də məharətlə istifadə edir. Belə ki, WeChat Moment's vasitəsilə reklam kampaniyası həyata keçirən Lukkin Coffee 2 gün ərzində 2000 nəfəri öz məkanına yönəldə bilmişdi.
Starbucksdan fərqli olaraq şirkət yeni sloqanlarla kütləni tez bir zamanda ələ ala bilib. Məsələn, “27 yuana istənilən kofeni əldə et” və ya “Reklamda yer alan QR kodları istifadə etməklə pulsuz kofelər əldə edə bilərsiniz” və s.
Müştərilər şirkətə məxsus App-dən qeydiyyatdan keçməklə də belə kampaniyalardan yararlanmaq şansı əldə edirlər. Bütün bu kampaniyalardan sonra şirkətin istifadəçilərinin sayı 70000-ə çatmasına yardımçı olub.
Şirkəti uğurlu edən faktor isə bir sıra nüanslardan asılı idi:
- Online ödəniş
- 30 dəqiqəyə çatdırılma yaxud pulsuz kofe
- Rəqiblərlə müqayisədə 20-30% daha ucuz kofe
- Obyektin hər 1.5-2 km-də yerləşməsi
Kofenin çatdırılmasına gəldikdə isə bunu ölkədə yüksək rəqabət şəraitində fəaliyyət göstərən autsorsinq şirkəti həyata keçirir.
Starbucksa gəldikdə isə şirkət öz mövqeyini və strategiyasını əvvəlki tək qorumaqda davam edir. Beləki, Lukkin Coffee-dən fərqli olaraq Starbucks çatdırılma etmək niyyətində deyil. Əslində buna təəccüblənmək mənasızdır, çünki şirkətin əsas məqsədi insanları bir araya gətirməkdir. Amma təbii ki, hansının daha qalıcı marka olacağını zaman göstərəcək. Yaddan çıxarmaq olmaz ki, şirkəti bazarda saxlayan müştəri məmnuniyyətidir.
Nəcibə Yusifova, Banco.az