Sonu intiharla bitən bank kreditləri | Banco.az

Sonu intiharla bitən bank kreditləri

Əhalinin banklara olan borcları əsas problemlərdən birinə çevrilib. Xüsusilə də bank faizlərinin yüksək olması, şərtlərin ağırlığı anutet ödənişlərin geçikməsinə, bəzən isə vətəndaşların tamamilə kredit öhdəliyini yerinə yetirə bilməməsinə gətirib çıxarır. Nəticədə yüksək məbləğdə götürülmüş kreditin təminatı rolunda çıxış edən əmlak və ya avtomobil, zinət əşyaları müsadirə edilir. Bir sıra hallarda krediti ödəyə bilməyən təkcə özünü deyil, girov kimi banka təqdim etdiyi başqasının əmlakını da riskə atır. Analoji vəziyyətə paytaxt sakini təmkinli reaksiya versə də, regionlarda belə hallar bəzən də intiharla bitir. Əslində təsvir olunan vəziyyətdə bankların günahi təkcə yüksək faizlər, ağır şərtlər irəli sürmələrində deyil. Bir çox hallarda, müştərinin maliyyə resurları dərindən təhlil edilmədən, o cümlədən, möhkəm girov təminatı olmadan da kredit xətti açılır. Həmin xətt sonradan kredit təşkilatları üçün sözün əsl mənasında başağrısına çevrilir.

Ölkədə bankların kredit faizləri

Ölkədə kredit faziləri 26-42 faiz arasında dəyişir. Bura komissiya haqlarını da əlavə etsək, faktiki illik faiz dərəcəsi 46-ya qədər gedib çıxır. Mərkəzi Bank illərdir bank faizlərinin endirilməsinə çalışsa da, ortada heç bir nəticə yoxdur. Banklar faizlərdə endirim kampaniyasına başlayanda da azaltdıqları faizi komissiya haqqına əlavə etməklə sudan quru çıxırlar. Başqa tərəfdən, kreditlərin verilməsində vacib məsələlərdən biri də girovdur. Bildiyimiz kimi, istehlak kreditlərində çox zaman girov tələb edilmir. Əsasən, zaminlərin şəxsiyyət vəsiqələri əsas götürülür və ya telefon nömrələrinə zəng etməklə kifayətlənilir. Avtomobil, eləcə də mikro-kreditlərdə isə borc alan şəxsin girov qoyması vacib şərtdir. 

Girovun qiymətləndirilməsi

Girovun qiymətləndirilməsi əsas ciddi problemlərdən biridir. Banklar özlərinə yaxın qiymətləndirmə şirkətləri vasitəsilə bu prosesi reallaşdırırlar. Əmlak bazar dəyərindən aşağı qiymətləndirilir. Nəticədə, 100 min manat kreditin qarşılığında bazar dəyəri 140 min manat olan əmlak girov kimi rəsmiləşdirilir. Bank üçün maddi maraqlar o qədər güclü olur ki, kreditin təminatçısı kimi başqasının da əmlakını girov kimi qəbul edirlər. Yəni vətəndaşın 100 min manatın müqabilində girov qoymağa əmlakı yoxdursa, dost tanışının əmlakını banka irəli sürə bilir. Borcun qaytarılmamaması halında da bank “of” demədən girovu satıb pulunu götürür. 

Qanunvericilik qadağan etmir

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, problem qanunvericilikdən qaynaqlanır.

"Kredit götürən zaman başqasının əmlakının girov kimi cəlb edilməsi qadağan olunmur. Yəni qanunvericilikdə kredit götürənin yalnız öz əmlakından girov kimi istifadə etməsinə dair tələb yoxdur. Xüsusilə digər adamın əmlakı girov kimi cəlb edildikdə əmlak sahibinin şirnikləndirilməsi halları baş verir. Əmlak sahibinə ya vəsait ödənilir, ya da əldə olunacaq gəlirin bölüşdürülməsi təklif edilir".

İqtisadçının sözlərinə görə, kreditlərin həcmi biznes plana, cəlb edilən girovun məbləğinə uyğun müəyyənləşdirilir: “Burada da ən ciddi problem girovun qiymətləndirilməsidir. Girov daim bazar dəyərindən aşağı qiymətləndirlir. Girovun qiyməti 100 min manatdırsa, ən yaxşı halda 80 min manat götürülür. 80 min manatın da 70 faizinə kredit verilir. Bu, o deməkdir ki, 100 min manatlıq girova 50-60 min manatlıq kredit verilir. 50-60 min manat qaytarılmadıqda 100 manatlıq girov məhkəmə vasitəsiylə satılır. Buna görə də girov mexanizmi təkmilləşdirilməlidir. Qiymətləndirici şirkətlər prosesə cəlb olunmalıdır. Hazırda qiymətləndirilən əmlakla verilmiş kredit arasında hər hansı əlaqə yoxdur. Avropa ölkələrində əmlakın bazar dəyərindən 80 faiz aşağı kredit vermək qadağandır. Burada da məqsəd odur ki, əmlak aşağı qiymətləndirilməsin, bahalı əmlaka ucuz kredit verilməsin. Əmlakın dəyəri ilə kredit məbləği arasında əlaqə formalaşdırılmalıdır. Bu da əmlakın banklar tərəfindən ucuz satışına yol açmayacaq.

5 milyon nəfərin banka borcu var

Bu qədər şərtlərin ağırlığı fonunda borc alanların sayı da diqqət çəkir.

Ötən il bank müştərilərinin sayı 5 275 532 nəfər olub. Düzdür, Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinin ləğvi ilə bağlı qərarından sonra bu rəqəmdə bir balaca azalma qeydə alınıb. Belə ki, hazırda bank müştərilərinin sayı 4 540 342 nəfər təşkil edir. İlin əvvəlindən bu göstərici 735 190 nəfər azalıb. Son bir ayda isə say 299 219 nəfərə çatıb. O cümlədən, fiziki şəxslər üzrə 4 436 034 nəfər, sahibkarlıqla məşğul olanlar 91777, hüquqi şəxslər isə 104 308 nəfər olub. Daha çox azalma fiziki şəxslər üzrə qeydə alınıb. Təkcə bu kredit portfelində 739 831 nəfər azalma baş verib. Bütün hallarda borcalanların sayı ciddi rəqəmlərdən xəbər verir.

16 milyard manata yaxın kredit verilib

Hüquqi, fiziki şəxslərə verilən kreditlərin məbləği də aşağı deyil. Maliyyə-kredit təşkilatları 15.7 milyard manat məbləğində kredit veriblər. Verilmiş kreditlərin həcmi 2013-cü ilin mart ayının 1-i ilə müqayisədə 28.3 faiz artıb. Onun 78.2 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 831.6 milyon manatının, yaxud 5.3 faizinin ödəmə vaxtı keçib.

Hər iki rəqəmə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev tarixçədə müştərilərin sayının 5 275 532 nəfər olduğunu bildirir: “Əslində kredit götürənlərin sayı 1,8-2 milyon nəfər təşkil edir. Nəzərə alsaq ki, bu gün ölkədə iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdir. Belə çıxır ki, hər iki nəfərdən biri bankdan kredit götürüb. Digər tərəfdən bir insanın adına 2-3 bankda krediti var. Bunun sayı gəlib çıxır 5 milyon nəfərdən yuxarı. Yəni iqtisadi fəal əhalinin sayından yuxarı. Bu isə o deməkdir ki, bir pensiyaçıların, bir də uşaqların adına bankda kredit yoxdur. Yerdə qalan əhalinin hamısının banka borcu var.

Əhalinin gəlirlərində borclanmanın payı 20 faizdir

S.Əliyev bildirir ki, rəqəmlər əhalinin kreditdən asılılığını göstərir. Getdikcə rəqəm artır. Kreditlərin böyük hissəsi də istehlak kreditlərinin payına düşür. Hazırda ölkə üzrə əhalinin gəlirlərində borclanmanın payı 20 faizdir. Sadə dillə desək, insanlar qazandıqları pulun 20 faizini kreditə verirlər. 5-6 il əvvəl bu rəqəm 10 faiz təşkil edirdi. Getdikcə borclanmanın payı artır. Mərkəzi Bankın istehlak kreditlərinin verilməsi ilə bağlı atdığı addımın bir səbəbi də məhz istehlak kreditlərinin qarşısını almaqdır. Göründüyü kimi, bu da təsirə malik olmayıb. Mərkəzi Bankın martın 1-nə olan məlumatına əsasən, istehlak kreditlərinin ümumi kredit qoyuluşunda payı 41 faizə çatıb. Təhlillər göstərir ki, əvvəlki illərlə müqayisədə ciddi fərq baş verməyib. Artım stabil olaraq davam edib. Sanki Mərkəzi Bank yanvar ayında kreditlərin məhdudlaşdırılması istiqamətində addım atmayıb, avtomobil kreditlərinin verilişi 2 ay müddətinə dayandırılmayıb”.

Regionda verilən kreditin girovu paytaxtdakı əmlak olur

Məlum olur ki, kredit qoyuluşunun 90 faizi Bakı və paytaxt ətrafı bölgələrin payına düşür. Regionların payı cəmi 10 faizdır. Bu çox aşağı göstəricidir: “Regionlarda kredit götürmək çox çətindir. Bakıda verilən kreditlərin faiz dərəcəsi ölkə üzrə faizlərdən aşağıdır. Regionlara doğru getdikcə faiz dərəcələri artır. Çox zaman girov şəklində paytaxtdakı əmlak götürülür. Bank sektoru daha çox paytaxtda və ətrafda fəaliyyət göstərir. Əmanət qoyluşunda da eyni vəziyyətdir. Əmanətlərin 95 faizi Bakıda yığılır”.
S.Əliyev deyir ki, 15 milyard kredit qoyuluşunun 41 faizi 6,5 milyard manatdan artığı ev təsərrüfatların verilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az