Tamara Mustafayeva, Banco.az
Son bir neçə ildir ki, oyun azarkeşlərinin böyük marağına səbəb olan bir oyun var. Bəli, söhbət PUBG–dən gedir.
Məlumat üçün qeyd edək ki, qısaltması PUBG olan “PlayerUnknown’s BattleGrounds” Cənubi Koreyalı Bluehole video oyun şirkətinin bir hissəsi olan PUBG Corporation tərəfindən hazırlanmış və nəşr olunmuş onlayn multiplayer döyüş oyunudur.
Xüsusilə uşaqlar və gənclər tərəfindən sevilərək oynanılan bu oyunun mahiyyəti isə belədir. 100 oyunçu bir adaya paraşütlə atlayaraq müxtəlif silah və vasitələrlə digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışırlar. Endikləri andan etibarən silah-sursat, dərman vasitələri, qalxan toplayaraq rəqibləri ilə mübarizə aparırlar. Əslində bir filmi xatırladan və yapon filmi “Ölüm Oyunu”-dan ilhamlanaraq hazırlanan bu oyun insanlara “Həqiqətən belə bir hadisə yaşanılsa, necə davranardım” sualını ünvanladığı üçün böyük müvəffəqiyyət qazandı.
“Öl ya da öldür” – PUBG–ni belə xülasə edə bilərik.
PUBG oyunu kim tərəfindən yaradıldı?
Oyunun yaradıcısı Brendan Qrindir (Brendan Greene). Əslən İrlandiyalı olan Qrin Braziliyada fotoqraf və veb dizayner olaraq işləyirdi. Braziliyaya köçdükdən sonra burada həyatının sevgisini tapdığına inanan Qrinin xoşbəxt evliliyi cəmi iki il davam edir və cütlük bir müddət sonra boşanır. Bununla da Qrin vətəni İrlandiyaya geri qayıdır. Həmin dövrdə kompüter oyunlarına maraq göstərməyə başlayır.
O vaxtlar klassik Arma 2 oyunu üçü DayZ:Battle Royale versiyası yenicə bazara çıxarılmışdı. Sözügedən oyunun uğurlu olması da Brendan Qrin üçün ilham verici nüans oldu. Nəhayət oyun istehsal edən Daybreak şirkətində işə başlayan Qrin bu işdə də uzun müddət çalışa bilmədi. Aylar sonra Dublindən Seula gedən Qrin burada Bluehole adlı şirkətdə art direktor vəzifəsində çalışmağa başladı. PUBG ideyası da məhz həmin dövrdə yarandı...
2016 – cı ilin ortalarında PUBG üçün hazırlıqlara başlanıldı və 1 il ərzində oyunun tamamlanması planlaşdırıldı. 23 mart 2017 – ci ildə rəqəmsal video oyun və proqramlar nəşr edən Steam servisində ilk versiyası yayımlanan oyun texniki qüsurlarına baxmayaraq oyun azarkeşləri tərəfindən rəğbətlə qarşılandı. Ancaq oyunu yaradanlar bu qüsurları düzəltmək üçün çox da həvəsli deyildilər və oyunun beta versiyası dünyanın bir çox oyun şirkətlərinə göndərildi və onlardan gələn rəylərə görə işlərə davam edildi.
PUBG bütün zamanların ən çox satan və ən çox oynanan video oyunlarından birinə çevrildi və oyun 2018-ci ilin iyun ayına qədər dünyada 50 milyondan çox satışa nail oldu. Steam servisində ən populyar oyunlar siyahısında bu gün də zirvədə qərarlaşan PUBG-nin bu ünvanı daha əvvəl Dota 2 və Counter Strike:Global Offensive oyunlarına aid idi. Satışlar nə qədər yaxşı olsa da, oyunun texniki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardı. Bununla yanaşı, fərqli oyun platformalarına və əməliyyat sistemlərinə də çıxış əldə etmək lazım idi. Bütün bunların reallaşması üçün isə oyun ciddi bir sınaq müddətindən keçməli idi.
PUBG oyunun uğurunda tərkibində olan dramatik və həyəcan ünsürlərinin böyük təsiri var. Bu iki ünsür həm oyun oynamağı, həm də izləməyi böyük bir zövqə çevirir. Oyunun hər mərhələsində oyunçular müxtəlif çətinliklər və fərqli məqsədlərlə qarşılaşır.
Bu gün Youtube-a daxil olduğunuz zaman PUBG ilə bağlı videoların milyonlarla izlənildiyini, 5-6 yaşındakı uşaqların belə valideynlərinin telefonlarında PUBG oynadıqlarını görə bilərsiniz.
Bu baxımdan da mobil telefonlarda PUBG oyununu daha rahat oynamaq üçün satılan müxtəlif konsol və aksesuarların əhəmiyyətli alıcı kütləsi olduğunu qeyd edə bilərik.
Həmçinin oxu: Yaponiyanın Bill Qeytsi olaraq görülən Masayoşi Sonun uğur hekayəsi
Bizi sosial şəbəkələrdən izləyin!!