Soğan əkinlərinin sığorta mövsümünə start verilib | Banco.az

Soğan əkinlərinin sığorta mövsümünə start verilib

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2022-ci ilin rəsmi statistikasına görə ölkə üzrə soğan istehsalı 275 min tona çatıb. Təkcə keçən il 22,6 min ton soğan xaricə ixrac olunub, ixracdan əldə edilən gəlir isə 6,7 milyon dollar təşkil edib, bu rəqəmlər ilbəil artmaqdadır.

Bu barədə Banco.az-a Aqrar Sığorta Fondundan açıqlama verilib. Bildirilib ki, düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür:

“ Yerli soğan sortları ölkəmizdə və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır. Ölkədə soğan əkini sahələrin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1744 hektar ərazidə soğan əkilir. Ağdamda 1079 ha, Beyləqanda 635 ha, Ağcabədidə 453 ha, Ağcabədidə 453 ha ərazidə soğan becərilir.

Soğan hava şəraitinə, bitki xəstəliklərinə, xüsusilə də saxlanma şərtlərinə qarşı həssas bitkidir. Məhz bu səbəbdən Aqrar Sığorta Fondu tərəfindən soğan sahələrinin 50% dövlət yardımı ilə sığortalaması imkanı yaradılıb”.

Fonddan  bildiriblər ki, hazırda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb, fermerlər fevral-mart ayları ərzində Fondun 1651 nömrəli Çağrı mərkəzinə zəng edərək öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər.

“Hesablanmış sığota haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında 1000 manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat  təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta vasitəsilə ümumilikdə 41 bitki üzrə 48 bitkiçilik məhsulu sığortalanır. Bura tarla əkinləri, meyvə bağları, tərəvəz bostan bitkiləri və texniki bitkilər aiddir.

2023-cü ildə baş vermiş sığorta hadisələrinə görə fermerlərə indiyədək 4,4 milyon manat ödəniş olunub. Hazırda zərərlərin hesablanması və ödənişlər davam edir və bu rəqəmin 8 milyon manata çatması gözlənilir”.

Qeyd edək ki, aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et