Uber səhmlərinin kəskin düşməsi və WeWork-un IPO-nu ləğv etməsi Yaponiyanın SoftBank-nın Vision Fondunun investisiya strukturuna 5 milyard dollardan baha başa gələ bilərdi.
Uber səhmlərinin dəyərinin azalması və dünyanın ən böyük kovorkinq şəbəkəsi olan WeWorkun birjaya daxil olmaq qərarının ləğvi hər iki şirkətə investisiya qoyan SoftBank-ın fəaliyyətinə təsirsiz ötüşmədi. Bloomberg yazır ki, Mitsubishi UFJ və Morqan Stenli SoftBank-ın əsas investisiya strukturu olan Vision Fondunun mənfəətini 5.4 milyard dollar daha aşağı qiymətləndirib. Son rüb ərzində əməliyyat zərərləri 3,44 milyard dollar təşkil etmiş və nəticədə maliyyə ili üçün SoftBank-ın mənfəəti eyni məbləğdə azalaraq 1,01 trilyon yen (9,4 milyard dollar) olmuşdur.
SoftBank-ın rəhbəri Masaesi Sonun şirkəti dünya üzrə bir çox startapda səhm payı olan investisiya konqlomeratına çevriləndən bəri onun üçün çətin dövr başlanmışdır. Qeyd edək ki, Masaesi Son milyarderlərin qlobal reytinq cədvəlində 43-cü yerdədir və sərvəti 21,6 milyard dollar dəyərində qiymətləndirilib. Əvvəllər Son Çinin Alibaba şirkəti kimi iri kompaniyalara sərmayə yatıraraq sərvətini artırmağa müyəssər olurdu, ancaq WeWork və Uber ilə yaşanan çətinliklər SoftBank-ın səhmlərinin ilin əvvəlinə nəzərən 30% ucuzlaşmasına səbəb oldu.
Nikkei Business jurnalına müsahibəsində Son etiraf edir ki, bu nəticələrdən məmnun deyil. «Mən məyus və narahatam. ABŞ və Çindəki şirkətlərin artım tempinə baxanda görünür ki, bu, çox azdır», – milyarder deyib. Masaesi həmçinin WeWork və Uberin indi itirdiklərini gələcək 10 ildə mənfəətə çevirəcəyini də istisna etmir. Son onu da qeyd etmişdir ki, strategiyası süni intellektin dəyişdiyi dünyaya baxışlarını bölüşən şirkətləri maliyyələşdirməyə əsaslanır.
Nikkei Asian Review, Sanford C. Bernstein şirkətinin böyük analitiki Kris Leynin tədqiqatına əsasən yazır ki, WeWork-un ən böyük səhmdarı olan SoftBank-a lazımdır ki, bu şirkət 24 milyard dəyərində qiymətləndirilsin, ancaq o halda investisiyaya xərclədiyi məbləği geri qaytara bilər.
Nigar Umaxanlı, banco.az