SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi keçirir | Banco.az

SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi keçirir

SOCAR AQŞ 22 iyul – Milli Mətbuat Günü münasibətilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə jurnalistlər üçün müsabiqə elan edib.

Şirkətdən bildirilib ki, “Milli mətbuat koronavirusa qarşı” adlı layihə SOCAR AQŞ kollektivinin şirkət daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solution” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Jurnalistlər 1 iyun – 16 iyul tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronavirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilərlər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:

• Materiallar “Pandemiya dövründə səhiyyə və sağlamlıq”, “Pandemiya dövründə iqtisadiyyatın inkişafı”, “Pandemiya dövründə təhsil”, “Pandemiya dövründə xidmət göstərən peşə sahələri”, “Pandemiya dövründə həyat tərzi”, “Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu” və “Koronavirus barədə saxta məlumatların ifşası” adlı kateqoriyaların hər hansı birinə aid olmalıdır.

• Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.

• Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.

• Multimedia (video, fotoslayd, infoqrafika, test (özünü yoxla) elementlərin istifadə olunduğu materiallara üstünlük veriləcək.

• Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Çap mediası (qəzet və jurnallar) öz materialını malik olduğu internet resurslarında (sayt, “YouTube” kanalı, sosial media hesabları və sair) yerləşdirə bilər.

• Müsabiqəyə qatılmaq istəyən jurnalist materialın 1 iyun – 16 iyul tarixləri ərzində mediada yayımlandığını onu təqdim edərkən isbat etməlidirlər.

• Hər jurnalist yalnız bir material təqdim edə bilər.

Layihənin icra edilməsində “INPRESS PR Solution” şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Soulutions” məsuliyyət daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini “[email protected]” e-mail ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. İyulun 16-sı saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvünün qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.

Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solution” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnalistlərin hər birinə SOCAR AQŞ-nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.

Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə e-mail ([email protected]) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et