Şirkətlər loqotiplərini nə üçün müəyyən vaxtdan sonra yeniləyirlər? | Banco.az

Şirkətlər loqotiplərini nə üçün müəyyən vaxtdan sonra yeniləyirlər?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Loqotip markaların müştərilərinin nəzərində yaratdıqları ilk vizual imicdir və markalaşma prosesinin əsas tərkib hissəsidir. Loqotipdə istifadə olunan rənglər, təsvirlər, yazı şriftləri kimi vizual ünsürlər markanın imicinə uyğun olmalıdır. Unutmaq olmaz ki, insanlar markaları ilk olaraq loqolarına görə xatırlayırlar.

Qlobal miqyasda tanınan markaların öz loqolarını müəyyən müddət sonra yenilədiklərinə yəqin ki, fikir vermisiniz. Bəs loqolar nə üçün yenilənməlidir? Marka üçün öz loqotipini yeniləmək hansı mahiyyət daşıyır və hansı aralıqlarla bu proses icra olunmalıdır? Bugünkü məqaləmizdə bu sualların cavablarını araşdırmışıq.

1. Əgər loqo markanın imicinə uyğun deyilsə...

Bəzən elə hallar olur ki, şirkətlər təsis edilərkən seçilən loqo müəyyən müddət sonra həmin şirkətin fəaliyyətini təkmilləşdirməsi səbəbindən markanın imicini düzgün əks etdirə bilmir. Məhz bu kimi hallarda adətən şirkətlər bir müddət sonra köhnə loqolarını təkmilləşdirir və ya yenisi ilə əvəz edirlər.

2. Loqo dövrün tələblərinə uyğun deyilsə...

Bu gün hər şey sürətlə dəyişir və inkişaf edir. Dəyişikliklərlə ayaqlaşmaq fərdi olduğu kimi təşkilati xararakter də daşıyır. Yəni, hər hansı bir şirkət öz loqosunun artıq zamanın tələbinə uyğun olmadığını düşünürsə, onu mütləq yenisi ilə əvəz etməlidir. Məsələn, günümüzdə minimalist üslubda dizaynlar daha çox rəğbət görür, bu səbəbdən də əgər şirkətin loqosu həddindən artıq qarışıq və yorucudursa, onu daha minimalist versiyası ilə əvəzləmək məsləhət görülür.

Microsoft firması da zamanla ayaqlaşmaq üçün 2012 – ci ildə öz loqosunu yeniləmişdi. 

Volkswagen markasının da bu yaxınlarda loqosunu yeniləməsinin səbəbi elektrikli avtomobillərə üstünlük verəcəyini vurğulamaq, bir sözlə dövrün tələbləri ilə ayaqlaşdığını göstərmək üçündür.

3. Şirkət başqa bir firma ilə ortaqlıq qurarsa və ya dünyaya inteqrasiya edərsə...

Əgər şirkət qloballaşmağa doğru addım atır və ya başqa bir şirkətlə birləşirsə, loqonun yenilənməsi məhz bu addımın elan edilməsi deməkdir. Odur ki, hətta şirkət əvvəlki loqosundan məmnun olsa belə, bu kimi hallarda müəyyən dəyişikliklər edilməsi zəruridir.

4. Loqo ilə bağlı texniki problemlər yaranır və başqa bir markanın loqosu ilə bənzəyirsə...

Loqo şirkətin bir növ şəxsiyyət vəsiqəsidir və əgər texniki problemlər (rəng, ölçü və s.) yaranıbsa, onu dəyişdirmək mütləqdir. Bununla yanaşı olduqca tanınan başqa bir şirkətin loqosu ilə sizinki arasında oxşarlıq varsa, bu da loqonu dəyişdirməyiniz üçün mühüm səbəbdir. Odur ki, bazara daxil olarkən rəqib firmaların loqolarını yaxşı araşdırmağınız məsləhətdir.

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda sadalanan səbəblər loqoların yenilənməsinin başlıca səbəblərindən olsa da, loqolar digər səbəblərdən də yenilənə bilər. AppleNikeMcDonald`sStarbucks kimi qlobal şirkətlər bu günədək loqolarını dəfələrlə yeniləyiblər. Bunun əsas səbəblərindən biri isə istehlakçıların mənimsədikləri bu markaların daim yeniliyə meyilli olduğunu hiss etdirməkdir.

Həmçinin oxu: “Starbucks”-ın loqosundakı sirr yoxsa qüsur?

Loqolar dəyişdirilərkən bəzən yenilər əvvəlkilərdən tamamilə fərqlənə bilir. Məsələn, Southwest Airlines şirkətinin istifadə etdiyi 3 loqo bir-birindən çox fərqlənir.

Başlanğıcda diqqət cəlb edən rəngli bir loqo seçən Apple firması da vaxt keçdikcə loqosunda sadələşməyə meyl etmişdir.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram