Şirkətlər listinqdən niyə qaçır? | Banco.az

Şirkətlər listinqdən niyə qaçır?

Listinq – şirkətin qiymətli kağızlarının (səhm və istiqraz) fond birjalarında satışa çıxarılması və ticarətinin təşkilidir. Hazırda şirkətlərin Bakı Fond Birjasında listinq olunması üçün iki (premium və standart) səviyyə var. Listinq bir çox üstünlük versə də, bundan istifadə səviyyəsi çox aşağıdır.

Hazırda qeyd olunan hər səviyyədə yalnız bir şirkət listinq olunub.

Bakı Fond Birjasının ekspertləri hesab edirlər ki, listinqin bir sıra üstünlükləri var. Həmin üstünlüklərə aşağıdakıları misal gətirmək mümkündür.

Uzunmüddətli kapital cəlb edilməsi – listinq biznesin genişləndirilməsi məqsədilə yeni investisyaların maliyyələşdirilməsi üçün tələb olunan uzunmüddətli kapitalın cəlb edilməsinə imkan verir;

Yeni investorlara çıxış – şirkətin qiymətli kağızlarının listinq olunması bu qiymətli kağızları bankların, sığorta şirkətlərinin, beynəlxalq investorların və geniş ictimaiyyətin almasına şərait yaradır;

Müsbət imicin formalaşması – listinqdə olan şirkət haqqında məlumatlar geniş ictimaiyyət tərəfindən maraqla qarşılandığı üçün mütəmadi olaraq mediada şirkət haqqında mühüm xəbərlər və elanlar işıqlandırılır. Bu səbəbdən belə şirkətlər digərləri ilə müqayisədə daha yüksək imicə malik olur. Şirkət haqqında məlumatları ictimaiyyətin asanlıqla izləyə bilməsi müştərilərdə, investorlarda və təchizatçılarda ona etibarı artırır;

Likvidlik və təkrar bazar – listinq olunan şirkətin səhmləri təkrar bazarda ilkin səhmdarlardan digər investorlara satıla bilər. Təkrar bazarın mövcudluğu qiymətli kağızlar üçün asan ticarət imkanı – likvidlik yaradır. Belə bir imkanın olması şirkətin kağızlarını investorlar üçün daha da cəlbedici edir.

İşçilərin motivasiyası – listinq şirkətin səhmlərini işçilərə mükafat kimi verməyə imkan yaradır. Şirkətin səhmlərinə sahib olan işçi dividend ödənişlərindən və səhmlərin qiymət artımından əlavə gəlir əldə edir. Buna görə də o, şirkətin inkişafında daha çox maraqlı olur.

Şirkətin bazar dəyərinin müəyyən olunması – listinq olunan şirkət haqqında məlumatlar ictimaiyyətə açıq olduğundan qiymətli kağızlar bazarının peşəkar iştirakçıları onu mütəmadi dəyərləndirə bilir. Səhmlərin davamlı olaraq qiymətləndirilməsi şirkətin bazar dəyərini müəyyən etməyə imkan yaradır.

Bu üstünlükləri nəzərə alsaq, sual yaranır ki, Azərbaycanda şirkətlər niyə listinq olunmaqdan qaçır?

Əsas səbəb kimi səhmdar cəmiyyətlərin hesbatlılıqdan yayınmasını göstərmək olar. Listinq olunan şirkət Bakı Fond Birjasına da hesabat təqdim etməlidir.

Premium listinqə çıxarılmış qiymətli kağızların emitentləri səhmdarların ümumi yığıncağının təsdiq etdiyi auditdən keçmiş maliyyə hesabatlarını və illik hesabatlarını növbəti ilin may ayının 31-dən gec olmayaraq birjaya təqdim etməli və açıqlamalıdır. İllik hesabatlar Bakı Fond Birjasının standartlarına uyğun hazırlanmalıdır. Həmçinin emitentlər maliyyə ilinin hər rübü üzrə maliyyə hesabatlarını müvafiq rüb bitdikdən sonra 20 iş günü ərzində birjaya təqdim etməli və açıqlamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Standard listinqə çıxarılmış qiymətli kağızların emitentləri isə auditdən keçmiş maliyyə və illik hesabatlarını növbəti ilin iyun ayının 30-dək birjaya təqdim etməli və açıqlamalıdır.

Səhm məsələləri üzrə ekspert Hafiz Babalı da hesab edir ki, şirkətlər hesabatlılıqdan yayınmaq üçün listinq olunmurlar: “Şəffaflıq və hesabatlılıq – bu iki tələbə əməl etmədən listinq olunmaq mümkün deyil. Maliyyə resursuna ehtiyacı olan şirkətlərin əksəri gəlirini gizlədir, ya da xərcini şişirdir, nəticədə rəsmi mənfəəti ya olmur, ya da cüzi olur. Bu azmış kimi, rəsmi dividend verən şirkətlər də çox azdır. Bu halda ağlı başında olan hansı investor listinq iddiasında olan şirkətin səhmini, istiqrazını alar?”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Çingiz Hüseynov deyir ki, səhmdar cəmiyyətlərin Bakı Fond Birjasında listinqə çıxmamasının səbəbi onların bu prosesin üstünlükləri barədə məlumatsızlığındadır. Çingiz Hüseynovun sözlərinə görə, listinqin üstünlüklərini potensial şirkətlərə çatdırmaq üçün Bakı Fond Birjasının reallaşdırdığı Listinq Məsləhət Proqramı çərçivəsində işlər görülür, fərdi görüşlər keçirilir, eyni zamanda şirkətlər üçün seminarların təşkili də planlaşdırılır.

Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində şirkətlərin listinqə cəlb edilməsi üçün bir sıra islahatlar həyata keçirdiyini vurğulayan Çingiz Hüseynov bildirir ki, islahatlar  əsasən listinq qaydalarına yenidən baxılması və sadələşdirilməsi,  listinq üçün tələb olunan rüsumların aşağı salınması kimi mühüm məqamları nəzərdə tutur: “Listinq Məsləhət Proqramı kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının, habelə digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq şirkətlərinin, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin ödənişsiz əsaslarla dəstəyini nəzərdə tutur. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, potensial şirkətlərin və emitentlərin müəyyən olunması, onlara əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir. Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında uğurla fəaliyyət göstərən və öz seqmentlərinin liderləri olan şirkətləri korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaq və bununla da həmin şirkətlərin kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdır”.

Ekspertlər hesab edirlər ki, qiymətli kağızlar bazarının zəif inkişafı da şirkətlərin marağına mənfi təsir göstərir.

Müəllif: Bəkir Nərimanoğlu