Sığortalı, lakin etibarsız əmanətlər kimə gərəkdir? | Banco.az

Sığortalı, lakin etibarsız əmanətlər kimə gərəkdir?

Qanunun geriyə qüvvəsi yoxdur anlayışı artıq neçənci dəfədir ki, Azərbaycanda özünü doğrultmur.

Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu (ADİF) cari ilin fevralın 23-də növbədən kənar iclas keçirərək,  Mərkəzi Bank ilə razılaşdırılmış şəkildə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul etdi.

Lakin bununla yanaşı 01 avqust 2013-cü il tarixdən etibarən Fonda üzv olan banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də, 24 fevral 2015-ci il tarixdən qorunan əmanət hesab olunduğu bildirildi. Yəni bir qərar ilə iki öncəki qərarın nəticəsi ləğv edildi – deyə bilərik.

Bu qərar nəticəsində, qorunan əmanətlərin həcminin əhəmiyyətli şəkildə artacağını söyləyə bilərik, çünki əhalinin böyük bir  hissəsi manatın güclü olduğu müddətdə, əmanətlərin sığortalanmamasına rəğmən manatla və yüksək faizlə əmanət yerləşdirməyə üstünlük verirdi.

2014-cü ilin yekunlarına olan statistika bəlli olmasa da, ilk 9 ayın nəticələrinə əsasən fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat, qorunmayan əmanətlər 3,14 milyard manat (47,6%-i), qorunan əmanətlər 3,42 milyard manat (52%-i), sığortalanan  əmanətlər isə 1799 milyon manat  təşkil edib.

Sığortalanan əmanətlər üzrə illik faiz dərəcəsinin aşağı olması, təbii ki, bir çox ehtiyatlı davranmaq istəyən əmanətçini daha aşağı faizlə əmanət yerləşdirməyə sövq etmişdi, Faizlər də itirməklə yanaşı, bu gün həmin əmanətçilər, həm də devalvasiya səbəbindən, nə az nə çox  34% itkiyə məruz qaldı.

Ən sərfəli kredit üçün müraciət et

Çətin ki, qorunan əmanətlərin faiz dərəcəsinin yüksəldilməsi, mövcud itkini kompensasiya edə bilsin və ya əmanətçilərə bundan sonrakı müddətdə də öz əmanətlərini manatla yerləşdirməyə inandırsın.

Qeyd edək ki, qorunan əmanətlər üzrə faizlərin yüksəldilməsi adətən iqtisadi böhran dövrlərinə təsadüf edib.

Məsələn 2009-cü ilin iyunun 10-da növbədən kənar iclas keçirən ADİF  qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 15% müəyyən edib və bu qərar bir il qüvvədə olub. 2010-cü ildən isə həmin rəqəm uzun müddət ərzində, 2013-cü ilin bir avqustuna qədər qədər qüvvədə olub.  Sonra isə daha iki dəfə aşağı salınıb.

ADİF-in son qərarı da bizi məhz  2012-ci ilin avqustuna geri qaytarır.

Xatırladaq ki, Fond 2007-ci il avqustun 13-də fəaliyyətə başlayarkən banklardakı sığortalanan əmanətin maksimum həddi 4 min manat olub. Fond 2008-ci il yanvar ayının 1-dən bu məbləği 6 minə yüksəlib və 2010-cü ildə 8 minə çatdırılması nəzərdə tutulub. Lakin. Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən  kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Bu rəqəm hələ də dəyişilməz olaraq qalır.