“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) iclası keçirilib. ASA-nın verdiyi məlumata görə, iclasda MŞ-na daxil olan 9 sığorta şirkətinin – “Azərsığorta” DSKŞ, “AXA MBASK”, “Standard Insurance”, “AzSığorta”, “A-Qroup”, “PAŞA Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Azre İnsurance” şirkətlərinin rəhbər şəxsləri iştirak edib.
Toplantıda Sığorta-Tədris Mərkəzinin (STM) yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Adı çəkilən mərkəzin 2 istiqamətdə fəaliyyət göstərməsi qərara alınıb. Belə ki, STM-də bir tərəfdən sığorta şirkətlərinin əməkdaşlarına və onlarla əməkdaşlıq edən sığorta agentlərinə peşəkar təlim keçiriləcək. Digər tərəfdən isə gənclər, o cümlədən tələbələr STM-də təlimə cəlb ediləcək. Məqsəd həm onların sığorta barədə biliyinin artırılması, həm də gələcəkdə sığorta sektoruna yönəldilməsidir.
Bundan başqa, iclasda bu ay Almaniyanın Baden-Baden şəhərində keçirilməsi planlaşdırılan sığorta həftəsi çərçivəsində Azərbaycan gecəsinin təşkil olunması məsələsi müzakirə edilib, gecənin formatı müəyyənləşdirilib.
ASA-nın iclasında həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbər şəxsləri ilə sığorta şirkətlərinin rəsmi şəxslərinin rübdə bir dəfə olmaq şərti ilə görüşünün keçirilməsi məsələsinə baxılıb. İlk görüşün oktyabr ayında təşkil olunması planlaşdırılır.
Fins.az