Sığorta tarixi və inkişaf mərhələləri | Banco.az

Sığorta tarixi və inkişaf mərhələləri

Sığorta ölkənin maliyyə sistemini təşkil edən zəncirin halqalarından biridir. Cəmiyyətin əsas inkişaf kateqoriyalarından biri də sığorta anlayışının təkamülü prosesi sayılır. 

Sığorta, tarixi kateqoriyadır və ümumi istehsalın ilk zamanlarında yaranaraq, istehsalçıları hər hansı risklərdən: ümumi istehsal, təbiət hadisələri, həyat itkisi kimi qoruyan  mexanizmə çevrilmişdir. Təsadüfi yaranmasına baxmayaraq, bir müddət sonra əhatə dairəsini genişləndirərək istehsal prosesinin iştirakçıları arasında  obyektiv lazımlı bir vasitəyə çevrildi.

Sığorta anlayışının yaranma tarixini araşdıran alimlər - əntiq mədəniyyət dövründən etibarən meydana çıxan natural məhsuldarlıq və ilk ticari əlaqələr ilə birgə sığortanın ən sadə formalarının yaranaraq inkişaf etdiyini düşünürlər. Hal-hazırda sığortanın yaranış və tarixi mərhələlərinə bir çox tarix və iqtisadiyyat kitablarında rast gəlinir.

Tarixi faktlar sübut edir ki, bizim eradan əvvəl 3-cü minillikdə finikiyalı tacirlər kollektiv itkinin kompensiyası  anlayışını tətbiq etməyə başlamışlar. Belə ki, malın itməsi və ya dəniz quldurları tərəfindən talan edilməsi zamanı reqlamentləşdirilmiş sazişə əsasən gəlir bölgüsü təşkil edilirdi.  Sazişlər dəniz quldurları və tacirlər arasında bağlanırdı. Misir ehramlarının tikintisində iştirak edən karxana işçiləri bir-birinə yardım məqsədi ilə büdcə formalaşdırmışdılar. Büdcənin formalaşdırılmasının əsas məqsədi işlədikləri zaman həyat itkisi və ya alınan travma zamanı ailələrinə ediləcək yardım ilə əlaqədar idi. Yaxın Şərqi Asiya qitəsində, 2-ci minillikdə məşhur Babil hökmdarı Hammurapinin hakimiyyəti dövründə tacir karvanları öz aralarında saziş imzalayırdılar.  Sazişə əsasən hər bir tacir yolda ikən hər hansı talanma, itki hallarına qarşı tədbirlər alaraq birlikdə mühafizə olunacaqlarını qəbul edirdi.

Ümumilikdə sığorta tarixinin yarandığı dövrlərdə, natural sığorta faktoru üstünlük təşkil edirdi. Belə ki, məhz bu forma iqlim faktorları, potensial düşmənlərin hücümundan ən yaxşı mühafizə üsulu idi. Kollektiv şəkildə mühafizə üsulunun effektivliyini görən insanlar, ümumi istehsal ehtiyatlarının toplaması ilə məşğul olub birliklər formalaşdırırdılar.

Sığorta anlayışının ən yayılmış formasına qədim Romada rast gəlinib. Qədim Roma ərazisində dini və peşəkar birliklər formalaşmışdı.  Peşəkar birliklərə, kollegiya nümayəndələri (ustalar və digər peşə sahibləri) daxil idi. Kollegiyanın əsas vəzifəsi, onun hər bir üzvünə yardım etməkdən ibarət idi.  Artistokrat peşə sahibləri sayılan; aktyorlar, musiqiçi və qladiatorlardan da ibarət kollegiyalar qurulurdu. Döyüçülər arasında da, qarşılıqlı sığortalama faktı müşahidə edilib.

İlk olaraq kollegiyaya üzv olmaq üçün fonda qəbul haqqı ödəmək gərək idi. Kollegiyalar əsasında yaranan qarşılıqlı mühafizə sığortası, üzv olacaq şəxslərin ilkin olaraq ödəyəcəkləri məbləğ əsasında fəaliyyət göstərirdi. Fonda ödəniləcək məbləğ kollegiya üzvlərinin əmlakının həcmi ilə müəyyənləşdirilirdi. Bu faktor da qurumda sosial ədalət sisteminin olmasına dəlalət edirdi.

Quldarlıq quruluşunun feodalizmlə əvəzlənməsi ilə sığorta şərtləri dəyişkənliyə məruz qaldı. Daha sonra gildiya ticarət qaydası və emalatxanalar (tacirlər və sənətkar cəmiyyətləri) ilə əvəzləndi.

Əhalinin qarşılıqlı mühafizə anlayışı xristianlığın yaranma dövrlərində daha da çox yayılmağa başladı.

Belə ki, xristian icmaları səlahiyyətli qurumların köməyinə arxalana bilmədikləri üçün qarşılıqlı mühafizə sazişləri bağlayaraq fond yaradırdı. Fondun hesabı isə həm natural, hə də pul vəsaitləri əsasında formalaşmışdır. Fond hesabına icma kritik vəziyyətlərdən xilas ola bilirdi.

Mühafizə məqsədilə orta əsrlərdə sığorta "qardaşlıq" adlanan birlik tərəfindən idarə edilirdi.

Zamanla, bədbəxt hadisələrdən qorunmaq üçün gildiya üzvlərinin şəxsi həyat və mülklərini qorumaq məqsədi ilə mülkü sığorta formasına müraciət edilərək bu növün təkamül prosesi başladı .

Orta əsrlərdə coğrafi kəşflər zamanına təsadüf edən müddətdə hüquqi statusa malik mülki müqavilə formasında sazişlər bağlanırdı. Sazişlərin bağlanılmasının əsas səbəbi isə yeni ərazilərin kəşfi, beynəlxalq ticarət əlaqələrinin daha da çox inkişaf etməsi ilə ediləcək dəniz səfərləri zamanı yaranan risklər ilə əlaqədar idi. Daşınan məhsullar və nəqliyyat vasitələri sığorta obyektləri kimi çıxış edirdi. Bununla yanaşı orta əsrlərdə ən çox yayılan sığorta forması Bodmer sazişi əsasında bağlanan dəniz sığortası idi. Bodmer sazişinə əsasən, kreditor (borc verən şəxs) sığortalayan şəxsə sığorta haqqı verirdi. Səfər uğurlu şəkildə bitdikdə və sığorta zəruriyyəti olmadığı halda kreditorun avans olaraq təqdim etdiyi məbləğ və əlavə Bodmer sazişinə uyğun premiya ödənilirdi. Sazişə uyğun təyin edilən məbləğ isə 15-100% olub böyük həcmə malik idi. Əgər səfər ziyan ilə yekunlaşdığı halda, bu zaman borc alan şəxs bütün imtiyazlardan və əlavə xərc ödənişindən azad olunurdu. Sığorta sazişinə əsasən bütün ziyan kreditor tərəfindən ödənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Orta əsrlərə nəzər salsaq, sığorta anlayışından əsasən qarşılıqlı yardım məqsədi ilə istifadə edildiyini görə bilərik. Müəyyən birliyə aid olan insanların üzləşdikləri ziyanın qarşılanması əsas prinsip götürülərək əlavə mənfəət və gəlirin əldə edilməsi kimi məqsədlər güdülmürdü. Bu dövrdə sığortanın əsas göstəriciləri aşağıdakılardır:

  • Sığorta sənayesi orta siniflər, sənətkarlıq və ticarət, tacirlər və sənətkarlara xidmət edirdi.
  • Sığorta hələ ticarət, sənətkarlıqdan, dindən ayrılmamışdır, xüsusi sığorta təşkilatları yox idi; 
  • Eyni bir kollektiv (tacir və ya ustalardan ibarət), bir sığorta təşkilatı kimi çıxış edə bilərdi.

Kiyev Rusiyasında sığortanın yaranmasının XI əsrin qanunvericiliyi ilə bağlı ilk rəsmi məlumatları Russkaya Pravda jurnalında dərc edilmişdir.

Bir çox Avropa ölkəsində bazar münasibətlərinin inkişafı, kredit və əlaqə mübadiləsinin formalaşması və təkamülü, kapital yığımı, genişlənmiş infrastrukturla yeni ticarət bazarlarının formalaşdırılması iqtisadi liberalizm dövründə sığortanın təbiəti və gələcək inkişafını müəyyənləşdirmişdir.

Ticarət sığortasının inkişaf mərhələləri:

Tədricən, sığorta tarixində, xalis özünü təmin etmə funksiyası arxa plana keçərək, daxil olan gəlirlər əsasında fəaliyyət faktoru ön plana keçmişdir (kommersiya mənfəəti). Ümumilikdə kommersiya sığortasının inkişafı üç mərhələdən ibarətdir:

Mərhələ 1 - XIV əsrin ortasından başlamış və XVII əsrə qədər davam etmişdir:

Bu mərhələdə əsas sığorta növü kimi dəniz (nəqliyyat) sığortası geniş yayılmışdır. Sığorta əməliyyatları tək sığortaçı tərəfindən həyata keçirilirdi. Səhmdar cəmiyyət və sığorta təşkilatları hələlik yaradılmamışdı.

Mərhələ 2 - XVII əsrdə yaranmış və XIX əsrin ortalarına qədər davam etmişdir:

Sığorta inkişafının bu dövrünün xarakterik xüsusiyyətləri:  səhmdar sığorta təşkilatlarının inkişafı, yanğın təhlükəsizliyi ilə məşğul olan ilk dövlət şirkətlərinin yaradılması. XVII əsrin sonlarından etibarən demək olar ki, bütün sığorta növləri; o cümlədən yanğın, kənd təsərrüfatı, qəzalardan mühafizə ilə bağlı, vətəndaş məsuliyyət sığorta formaları inkişaf etmişdir.

Mərhələ 3 - XIX əsrin ortalarından başlayıb və 20-ci əsrin əvvəlinə qədər davam etmişdir:

Bu dövrdə monopolistik sığorta birlikləri, kartel və konsernlər * fəaliyyət göstərmişdir. Sığorta fərqli, bir çox növ və formalara bölünmüşdür.

*Konsern — investisiya, maliyyə, təbiəti mühafizə, xarici iqtisadi və digər müştərək fəaliyyətin, elmi-texniki və istehsalın inkişafı funksiyalarının könüllü mərkəzləşməsi əsasında fəaliyyəti və eləcə də müəssisələrin təsərüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr birliyidir.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Иcтория страхования и его этапы

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et