Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası fevralda Sığorta Təlim Mərkəzinin fəaliyyətə başlaması barədə qərar verib.
Sığortaçılar Assosiasiyasından bildiriblər ki, yanvarın 15-də keçirilən tədbirdə ASA-nın 2014-cü il büdcəsinin hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb, sığorta sahəsi üzrə qanunvericiliyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər barədə iştirakçılara məlumat verilib.
Assosiasiyaya yeni üzvlərin (hüquqi şəxs sığorta brokerlərin) cəlb edilməsi, agentlərin “qara siyahı”sının hazırlanması kimi məsələlər xüsusi qeyd edilib. İclasda 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun və Badendə ənənəvi olaraq keçirilən sığorta və təkrar sığorta həftəsində “Azərbaycan gecəsi”nin təşkili məsələləri də müzakirə olunub.
azertag.az