Sığorta bazarında zərərlilik dərəcəsinin azaldılması üsulları təklif olunub | Banco.az

Sığorta bazarında zərərlilik dərəcəsinin azaldılması üsulları təklif olunub

İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik dərəcəsinin artmasının qarşısını almaq məqsədilə inzibati xərcləri azalda bilər.

Büronun icraçı direktoru Elxan Quliyevin sözlərinə görə, 2014-cü ilin sonuna qədər sığortanın bu növü üzrə zərər əmsalının 70-75% olacağı proqnozlaşdırılır.

"Zərərlilik dərəcəsində qeydə alınan artımın qarşısını almaq məqsədilə inzibati xərclərin, ilk növbədə isə sığorta polislərinin informasiya sistemi vasitəsilə satışı hesabına sığorta vasitəçilərinə təqdim olunan faiz dərəcələrinin azaldılması təklif olunur. Qeyd edim ki, bu addım Büronun informasiya sisteminin Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiyasından sonra mümkün ola bilər. Hətta sığorta polislərinin elektron formada satışı da mümkün olacaq. Belə ki, Büro kağız daşıyıcıların istifadəsindən tamamilə imtina etmək niyyətindədir", deyə E.Quliyev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, inzibati xərclərin azaldılması sığorta agentləri üzrə xərclərin və zərərlilik dərəcəsinin azalmasına səbəb olacaq.

Sevinc İbadova/Banco.az