Bakı Ticarət Festivalı (Baku Shopping Festival) çərçivəsində aprel ayı ərzində Azərbaycana 187 577 turist gəlib ki, bu da 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım deməkdir. Bunu festivalın yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, mayın ilk 10 günündə Azərbaycana 70 776 turist gəlib: "Bu da 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artım deməkdir".
"Festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarma proqramına qoşulub. Festivalın "tax free" sistemi çərçivəsində 23 242 ədəd hesab-faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 167 892 manat təşkil edib və banklar alıcılara 1,8 mln. manat məbləğində ƏDV qaytarıb", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Vergilər Nazirliyinın yaydığı məlumatda dövriyyə və ƏDV ilə bağlı rəqəmlər fərqli olub. Belə ki, Nazirlik festival çərçivəsində ümumi dövriyyənin 15 471805 manat, alıcılara qaytarılmış ƏDV-nin isə 1 533006manat olduğunu bəyan edib.
Mənbə: Report.az