“Şəxsi köməkçi kimi başladığım təşkilatda 8 il sonra ölkə üzrə direktor oldum” | Banco.az

“Şəxsi köməkçi kimi başladığım təşkilatda 8 il sonra ölkə üzrə direktor oldum”

Müəllif  - Aygün Asimqızı/Banco.az

Fərqanə Məmmədova: “Səni menecment pozisiyasına və ya kritik bir rola götürürəmsə, verəcəyim sualları internetdə görməyəcəksən, eşitməyəcəksən. Çünki mən sənə özəl sual verəcəm”

Deyir ki, hər bir kadr ötən ayına, ilinə baxmalı “Bu müddətdə nə öyrəndim” deyə özünü soğru-sual etməlidir. Çünki günümüz bunu tələb edir. “Texnologiya inkişaf etdikcə, öz üzərində işləməyən, inkişaf etməyən kadrlara ehtiyac qalmır” deyən müsahibimiz Kapital Bankın Təşkilati İnkişaf Ofisinin rəhbəri Fərqanə Məmmədovadır.

- Bir çox insanın işə qəbulunu aparan şəxs olaraq maraqlıdır, ilk işiniz nə olub?

- Mən Bakı Dövlət Universitetində beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə təhsil almışam. İlk işim Azərbaycandakı səfirliklərdən birində təcrübəçi kimi olub. İşim materialları tərcümə edib kütləvi informasiya vasitələrinə göndərmək idi. 6 aya yaxın orada çalışdım.

- Tərcüməçilik necə iş idi?

- Heç mənlik deyildi. Tərcüməçinin işi başqasının sözünü başqa birisinə deməkdir, amma mən öz sözümü demək istəyirdim (Gülür).  

- Niyə insan resursları (İR) sahəsini seçdiniz?

- Təsadüfən belə alındı. “SOS Uşaq Kəndləri - Azərbaycan” təşkilatı yeni açılmışdı və qrup yoldaşım mənə dedi ki, yeni yaradılan xarici humanitar təşkilata işçi axtarırlar. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı göstərmək idi. İdeya mənə maraqlı gəldi. Həmin ərəfədə bir az səfirlikdə, bir az da pedaqoji təcrübəm var idi. Təşkilatda milli direktorun köməkçisi kimi işə başladım. Bütün proseslər yenidən qurulurdu, təşkilatda hüquqşünas olmadığı üçün mən hüquqi biliklərimi tətbiq etmək üçün bir fürsət qazanıb əmək münasibətlərinin tənzimlənməsində də iştirak edirdim. Müqavilə formaları hazırlayırdım, qanunvericiliklə bağlı proseslərdə birbaşa iştirak edirdim. Sonra beynəlxalq ofisdə qərar verildi ki, yerli təşkilatlarda insan resurları funksiyası da olmalıdır. O işi də “kim yaxşı işləyirsə, o həm də çox işləyir” prinsipi ilə mənə verdilər (Gülür). Həm hüquqşünas olmağım, həm də artıq psixologiya ilə maraqlandığım üçün bu iş mənə çox cəlbedici gəldi və insan resursları ilə uzun bir yola çıxdım.

- Amma belə anladım ki, orada tək İR funksiyası ilə kifayətlənməmisiniz…

- Bəli, psixo-pedaqoji məsələlər üzrə koordinator, İnsan Resursları… Şəxsi köməkçi kimi başladığım bir təşkilatda səkkiz il sonra ölkə üzrə direktor oldum. Çox maraqlı idi, çünki xarici təşkilat davamlı olaraq bizə nə isə öyrədirdi. Həddindən çox iş ilə yükləyirdilər. Fərqli işlər görürdüm, amma hamısını icra edə-edə öyrənirdin. O təşkilat mənə çox dəyər qatdı. Bu gün də o təşkilatın idarə heyətinin üzvüyəm.

- 10 il orda çalışdıqdan sonra bir banka getmisiniz, ondan sonra da “Kapital Bank”a gəlmisiniz. Sonuncu iş yerinizdə 8 ili tamamlamağınıza az qalıb. Tez-tez iş dəyişmək xarakterinizdə yoxdur?

- Ümumiyyətlə, dəyişiklikdən qorxmuram. Hətta, dəyişikliyi sevirəm. Evimi dəyişəndə belə köhnə evimdən ötrü darıxmıram. Bir həftəlik xaricə gedəndə fikrim işdə, evdə, uşaqda və s. qalmır. Olduğum yerdən rahat qopa bilirəm. Məncə, bir iş yerində uzun müddət qalmağım iş yerlərimi düzgün seçdiyimlə bağlıdır.

- Uzun müddət İR şöbəsinin rəhbəri olaraq çalışmısınız. Bu il “Kapital Bank”da Təşkilati İnkişaf Ofisinin rəhbəri oldunuz. Bu dəyişikliyin sizin üçün maraqlı tərəfi nədir?

- İnkişaf mənim üçün çox önəmlidir. Burada yalnız karyera inkişafı deyil, həm də yeni biliklər, yenə bacarıqlar əldə etmək olduqca vacibdir. Əlavə strukturlara rəhbərlik etmək, daha çox bilmək kimi bir tələb yaradır və mən də o tələblərə cavab vermək üçün bəzən oxuyaraq, daha çox isə işləyərək öyrənirəm.

- Belə görünür ki, bir çox yerlərə CV göndərmək təcrübəniz olmayıb.

- “SOS Uşaq Kəndləri”ndə işləyirdim, 2 il analıq məzuniyyətinə çıxmışdım. Çünki psixologiyada oxumuşdum ki, uşağı üç yaşına qədər ana böyütməlidir və məhz bu yaşlarda uşağın əsas dəyərləri formalaşır. İlk aylarda işləməyi heç düşünmədim. Bir müddət sonra fikirləşdim ki, görəsən əmək bazarında nə baş verir? O vaxt Azərbaycanda tanınmış şirkətlərdən birinə CV göndərdim. Müsahibəyə dəvət etdilər, görüşdük. Bir müsahibə də vitse-prezidentlə oldu, mənə iş təklif etdilər. Orda özümdən çox utandım. Dedim ki, mən hələ işləmək niyyətində deyildim, sadəcə bazarı yoxlayırdım, hələ 6 ay da evdə oturacam. Demişdilər ki, 6 ay sonra istəsən, gələrsən. Lakin elə oldu ki, məzuniyyətdən sonra bank sektoruna getdim.

- O zaman apardığınız müsahibələrdən danışaq. Unutmadığınız nələr var?

- O qədər çox olub. Məsələn, bundan öncə çalışdığım bankda namizədə sual verdik ki, niyə bizi seçmisiniz? Dedi ki, mən sizi seçməmişəm, siz məni dəvət etmisiniz. Yəni, mən hər yerə CV göndərmişəm, hələ bilmirəm harada işləyəcəm (Gülür).

Elə həmin bankda müsahibəyə bir qız gəlmişdi. Dedilər ki, bu qızın gələcəyi çox yaxşı olacaq. Dedim ki, əksinə, o, nə istədiyini bilmir, davamlı olaraq yer dəyişəcək və axıra qədər özünü bir işə verməyəcək. Sonra davamlı olaraq o xanımı izlədim. Bu günə kimi həmin xanım hələ də iş yerlərini dəyişə-dəyişə gedir, karyerasında heç bir nailiyyət əldə etməyib. Əlbəttə, bəlkə o belə də xoşbəxtdir, amma mənim proqnozum da yalnış çıxmadı (Gülür).

Elə indi çalışdığım bankda çağrı mərkəzi üçün namizədlərlə görüşürdülər. Bir neçə müsahibəyə özüm də girdim. Sonuncu kurs tələbəsi bir oğlan var idi. Sual verdim ki, boş vaxtında nə ilə məşğul olur? Kitab oxuduğunu dedi. Mən özüm də çox kitab oxuyuram. Təsəvvür edin, adam bütün rus ədəbiyyatını, populyar olan bestsellerləri oxumuşdu. Müsahibədən çıxdım və dedim ki, bu oğlan çağrı mərkəzinə gəlməyəcək. Dedilər, razılaşmışıq, gələcək. 2-3 gündən sonra soruşdum ki, o oğlandan nə xəbər var? Dedilər ki, son anda deyib ki, mən başqa bir iş görmək istəyirəm və bank sektorunda öz gələcəyimi görmürəm.

- Bunları necə təyin edirsiniz?

- Birincisi, müsahibədə boşuna sual verilməməlidir. Sən o sualdan aldığın cavabı digər sualdan aldığın cavablarla tutuşdurmalı, bir-bir müqayisə etməlisən. Müsahibənin sonunda pazl yığılmalıdır, yığılmırsa, ya namizəd qeyri-səmimidir, ya da hansısa məlumat əldə edilməyib.

İkincisi, təcrübədən gələn intuisiya köməyimizə çatır. O artıq elə-belə intuisiya deyil. İllərin təcrübəsi ilə analiz edirsən ki, bu suallara ortalama bu cür cavab verənlərin əslində xarakteri belə olur, onlar bu cür davranırlar və s.

Bir də son illərin ən sevdiyim anlayışı datadır. Rəqəmlər və göstəricilərlə işləmək adama çox kömək edir. Əvvəl stereotip vardı. Deyirdilər ki, filan universitetin tələbələrinin hamısı yaxşı olur, filan universitetinkilər isə yox. Sonra biz o stereotipləri data ilə yoxlamağa başladıq. Son üç ildə bu universitetdən gələn adamlar normalda hansı dinamika ilə irəli gedirlər? O stereotiplər ya təsdiq, ya təkzib olundu. Bu, artıq strereotip deyil, sübut olunmuş faktlardır.

Bu, səhvsiz çalışdığım anlamına gəlməsin. Mənim də səhvlərim olub və səhvlərimdən öyrənmişəm. Bəzən hələ də olur…

- Nə kimi səhvləriniz olub?

- Məsələn, çox təcili kadr lazım olub, əlli faiz uyğun olub, demişəm ki, eybi yox, götürək. O təcrübəm göstərdi ki, nə qədər təcili olsa da, tam uyğun olmayanı götürmək düz deyil. Yüzdəyüz əmin olduqdan sonra namizədi təsdiqləmək lazımdır. Bircə onu bilirəm ki, biznesə böyük maddi zərər vuran səhvlərim yoxdur. Özüm də çox risk götürən adam deyiləm. Çalışıram düzgün, əmin addımlar atım.

- Bu gün iş müsahibələrində verilən bəzi suallarla bağlı kadrların narazılıqlarını eşidirik.

- Son zamanlar bu suala gülürlər: 5 il sonra özünüzü harada görürsünüz? Bu, faydasız sualdır? Yox. Bəs bu sual bizə nəsə verir? İndi yox, amma əvvəllər verirdi. Çünki biz əvvəllər həyatımızı 3-5 ilə planlaşdıra bilirdik və bir insandan bunu soruşanda onun vizyonunu görmək istəyirdik. Bu gün həyat o qədər dinamik, dəyişkəndir ki, namizədin özü də sualı cavablandırmaqda çətinlik çəkir və o sualın cavabı sənə konkret nəsə vermir. Ona görə, sualları zamana uyğun vermək də önəmlidir.

Ən sərfəli kredit üçün müraciət et

- Müsahibədə hansı sualları vermirsiniz?

- Adamın dini, siyasi görüşləri, cinsi oriyentasiyası ilə bağlı suallar vermirəm. Şübhəm olanda, başqa suallarla bunları yoxlayıram. Beynəlxalq Əmək Təşkilatının qaydalarına görə də biz insanlara sual verə bilmərik ki, evlisən, subaysan? Uşaq dünyaya gətirməyi planlaşdırırsan? Düzdür, bəzi pozisiyalarda bunları bilmək lazım ola bilir. Tutaq ki bir layihə üçün yalnız bir nəfər işə götürəcəyik, o da həmin şəxs olacaq. Namizəd xanımdırsa, əgər 4-5 ay sonra o analıq məzuniyyətinə çıxsa, iş yarımçıq qala bilər. Ona görə də mən heç vaxt soruşmuram ki, planın nədir? Ailədə rolunun nə olduğunu soruşuram. Ailənin böyük, kiçik olması ilə bağlı sual verə bilərəm. Bu suallardan sonra çox adam ailə vəziyyəti ilə bağlı özü danışır. Əgər o ailəli olub-olmadığına toxunmursa, mən artıq o istiqamətdə sual vermirəm.

- Bizdə evli, ya subay olduğu, uşağı olub-olmadığı o adamın işinə çox vaxt ayıra bilib-bilməyəcəyi kimi məsələlərə görə soruşulur.

- Əgər balaca uşağım varsa, o demək deyil ki, mən effektiv işləməyəcəm. O qədər insanlar var ki, uşağını da dünyaya gətirir, ailəsini də idarə edir, işini də yaxşı görür. Belə adamı işə götürməmək haqsızlıqdır.

- Ən uzun və ən qısa müddət çəkən müsahibələriniz hansı olub?

- Ən uzun çəkən müsahibəm iki saata yaxın olub. Çox vacib pozisiya üçün işçi götürürdük. Ən qısa çəkən də yadımdadır. Digər bankda işləyirdim, bir namizəd gəldi, əlində maşın açarları, ağzında saqqız, çox əmin. Sual verdim ki, müsahibəyə necə gəlmək olmaz, nə etmək olmaz? O, mənə bir-iki nümunə gətirdi. Soruşdum, bəs saqqız çeynəmək olar? Yenə çeynəyə-çeynəyə baxdı, dedi, yox. Dedim, çox sağ olun, gedə bilərsiniz.

- İnternetdə iş müsahibələrində verilən suallar və onlara necə cavab verməklə bağlı müxtəlif videolar var. O cavablarla İR mütəxəssislərinin qarşısına çıxanda, uğurlu olma şansımız nə qədərdir?

- Aşağı pozisiyalara qəbulda o cavablarla gedə bilərsən. İnanıram ki, onlar işləyir. Çünki səninlə o müsahibəni keçirən işəqəbul mütəxəssisi özü də aşağı pozisiyadadır. Vəzifələr qalxdıqca, o şablonlar işləmir. Səni menecment pozisiyasına və ya kritik bir rola götürürəmsə, verəcəyim sualları internetdə görməyəcəksən, eşitməyəcəksən. Çünki mən sənə özəl sual verəcəm. Bir də ki, mən sənə heç vaxt yalnız cavabı bəlli olan açıq suallar verməyəcəm, daha çox situativ suallardan istifadə edəcəm.

- Öz işini yaxşı bilsə də, situativ suallardan kəsilənlər çox olur. Azərbaycanlı kadrlar situativ suallara nə dərəcədə hazır olurlar?

- Yaxşı, təcrübəli kadrlar hazır olurlar. Təcrübəsiz və ya bacarıqsız kadrlar ən çox orada səhv edirlər. Situativ sual səndən kosmosdakı təcrübəni soruşmur, situativ sual səndən konkret təcrübəni soruşur. Adama sual verirsən ki, axşam qonağın gələcək, yarım saat əvvəl su borusu partladı. Nə edəcəksən? Adam zəng vurub kimisə çağıracağını deyir. Sənin birinci edəcəyin iş ümumi su xəttindən kranı bağlamaqdır.

Əksər hallarda biz namizəddən rasional, məntiqli, yaxud qeyri-standart cavab gözləyirik. Məsələn, gəmiyə işə götürmək istədikləri matrosdan soruşublar ki, gəmidə su sızır, nə edəcəksən? O da deyib ki, köməyə başqa adam gələnə qədər üstündə oturacam. Əslində düzgün cavab deyil, amma kreativ cavabdır (Gülür).

- İnsan resursları mütəxəssislərinin səhvlərindən danışaq. Onlar özləri ilə bağlı nələri inkişaf etdirməlidirlər?

- Necə ki namizədin təcrübəsizi olur, eləcə də insan resursları əməkdaşının da təcrübəsizi ola bilər. Təcrübəsiz əməkdaş da özünü kiməsə sübut etməyə çalışır və sübut elədikcə namizədi basır, bir az aşağı salır. Bu da səhvdir. İkinci, işəqəbulun əməkdaşı şirkətin simasıdır. Sən o adamı işə götürməyə bilərsən, amma o şəxs qırağa çıxıb sənin və şirkətindəki təəssüratı haqqında danışacaq. Ona görə də “yox”u deyəndə o adama elə deməli, elə izah etməlisən ki, səndən və şirkətdən narazı getməsin.

- 10-15 il öncə və bu gün şirkətlərin istədikləri kadr arasında nə kimi fərq var?

- Əvvəllər adamın nə qədər uyumlu olduğuna diqqət yetirirdik. Yəni, sözəbaxandır, icraçıdır. İndi istedad dalınca qaçırıq. Deyirik ki, qoy elə bir adam olsun ki, lazım olsa gəlib məni də inandırsın, innovativ təkliflər versin. Bir sözlə, yüksək potensiallı, gələcəyin ulduzu olsun.

Əvvəllər biz bütün işi insan vasitəsilə və kağız üzərində edirdik. İndi proseslərin əksəriyyəti avtomatlaşıb və sistem üzərindən aparılır və bu proses sürətli şəkildə davam edir. Bu gün istənilən sualınızı “ChatGPT”yə yazıb cavab ala bilirsiniz. Dünya çox dəyişir, çox rəqəmsal olur və biz də o dünyaya uyğunlaşmalıyıq. Bunu da ancaq istedadlı kadrlarla edə bilərik. Çünki şirkəti gələcəyə aparanlar da onlar olacaq.

- “ChatGPT” hələ bizim üçün yenidir, zarafatyana yanaşanlar çoxdur. İşçi ehtiyacımıza ciddi təsiri olacaq?

- Təkrarlanan, şablon işlərdə “ChatGPT”, robotlar insanları əvəz edəcək. Artıq bu nağıl, proqnoz deyil, gerçəkdir. Mən iki ay əvvəl Malaziyada bir konfransda idim. Malaziya Hava Yollarında bu robotları necə istifadə etdiklərini danışırdılar. Həm müştəriyə cavab yazılmasında, həm də İR şöbələrində artıq istifadə edirdilər. Düzdür, yüzdəyüz əvəz etməyəcək, amma şablon işlərin çoxunda onları görəcəyik. Banklarda da bu başlayıb. Artıq həll yolları üzərində düşünürük.

- Yəni texnologiya inkişaf edir, biz də bu inkişafa hazır olmalıyıq.

- Texnologiya inkişaf etdikcə, öz üzərində işləməyən, inkişaf etməyən kadrlara ehtiyac qalmır. Düzdür, sonra kadrlar şirkətlərlə emosional danışmağa başlayacaqlar ki, mən öz həyatımı bura sərf etmişdim və s. Əgər növbəti 5 il də bizə əmək bazarında ehtiyac olmasını istəyiriksə, 5 il sonra necə kadrlara ehtiyac olacağını bilməli və özümüzü ona hazırlamalıyıq. Dediklərim qaçılmaz reallıqlardır. Biz həyatımızı yalnız gördüyümüz iş əsasında qurmamalıyıq. Yoxsa sən heç nə etmirsən, ömür boyu kompüterdə bir knopkanı basırsan, şirkət bir gün o işi avtomatlaşdıranda, səninlə sağollaşacaq. 2030-cu ildə bu gün olan işlərin 36 faizi olmayacaq. Hər bir kadr bu haqda düşünməlidir. Hər ötən ayımıza, ilimizə baxmalı və “Mən bu müddətdə nə öyrəndim” deyə özümüzü sual etməliyik.

- Pandemiya dövrünü götürək, sizə nə öyrətdi?

- Pandemiya mənə böhranı necə idarə etməyi öyrətdi. Zaman-zaman müəyyən situasiyalara düşmüşdük, amma belə bir qlobal böhran yaşamamışdıq. Maraqlısı odur ki, pandemiya müddətində bir an belə qorxmadım, əksinə belə şərtlərdə necə işləməyi və nəticə verməyi öyrəndim. Distant müsahibələr etdik, pandemiyada ofisə gəlmədən necə işləməyin mümkün olduğunu öyrəndik. Əminəm ki, böyük əksəriyyətimiz bu dönəmdən eyni təcrübə ilə çıxdıq.

- Çox kitab oxuduğunuzu dediniz. Maraqlıdır, nə oxuyursunuz?

- “Hər kəs yalan danışır” (Müəllif: Seth Stephens-Davidowitz) kitabını oxuyuram. Oxuduqca datanın önəmini daha çox anlayırsan. Son zamanlar dataya xüsusi maraq göstərirəm. Məsələn, gəlib məni bir şeyə inandırmaq, hansısa layihəni yaxşı mənada mənə satmaq üçün mütləq data göstərmək lazımdır. Son zamanlar tez-tez təkrarladığım bir mesaj daha var. İnsan resurlarının işinin effektivliyi onun bizneslə nə qədər bağlı olduğundan, nə qədər biznesini anladığından irəli gəlir. Odur ki, mən öz kolleqalarıma, İR mütəxəssislərinə də çox məsləhət görərdim ki, datadan istifadə etsinlər və o kitabı oxusunlar.

- Fərqanə xanım, bu günə qədər ən böyük peşəkar nailiyyətiniz nə olub?

- Bu suala fərqli aspektlərdən yanaşaraq cavab vermək olar. Mən ən çətin olanını qeyd etmək istəyirəm. “SOS Uşaq Kəndləri – Azərbaycan”da işlədiyim dönəmdə orada uşaqlara baxan xanımlar var idi. Onlarla əmək müqavilələrini imzalamaq üçün reyesterdə bənzər vəzifə yox idi. Bu olduqca çətin proses idi, amma biz buna nail olduq və hazırda “tərbiyəçi ana” və “tərbiyəçi xala” pozisiyaları rəsmi olaraq mövcuddur. Çox qürurluyam ki, zamanında bu prosesi mən koordinasiya etmişdim.

Ən sərfəli krediti almaq üçün müraciət et