Sənədsiz evlərlə bağlı problem necə həll edilə bilər? | Banco.az

Sənədsiz evlərlə bağlı problem necə həll edilə bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Günü-gündən paytaxta regionlardan gələn vətəndaşların çoxalması, urbanizasiya səviyyəsinin genişlənməsinə səbəb olmaqla bərabər Bakının torpaq və mənzil fonduna tələbatı da artırır. Bakıya gələnlər daha çox mərkəzdən bir qədər uzaq ərazilərdə məskunlaşırlar.

Həmin ərazilərdə yaşayan vətəndaşların  əksəriyyətinin yaşadığı mənzillərin nə torpaq sahəsinin, nə də əmlakın sənədi təəssüf ki olmur. Ekspertlərin hesablamalarına görə, Bakı şəhəri və ətrafında təxminən 600 min sənədsiz ev var.Hazırda ev tikilir, qaz, su, işıq, kanalizasiya xətləri çəkilir,  lakin ev sahibi rəsmi sənəd əldə edə bilmir. Son qərara görə, oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub.

Paytaxtda sənədli torpaq sahəsinin olmamasının ciddi problemə çevrildiyini deyən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Banco.az-a bildirdi ki, təklif portfelinin məhdudluğu yüksək tələb fonunda qiymətə çox ciddi təsir göstərir, yəni mülkiyyətdə olan yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin qiyməti müəyyən ərazilər üzrə sənədsiz torpaqlarla müqayisədə çox bahadır:

“Bildiyiniz kimi, indiki tikinti qaydalarına görə respublikanın müxtəlif regionlarında şəhərsalmaya uyğun olaraq sıxlıq əmsalları tətbiq olunur. Bu da o deməkdir ki, vətəndaş artıq 150 kvadratlıq torpaq sahəsində belə öz istəyinə uyğun ölçüdə ev tikə bilmir. Belə olan halda daha geniş torpaq sahələrinə ehtiyac yaranır. Daha geniş torpaq sahələrinin alınması isə daha böyük məsrəflər hesabına başa gəlir. Bu da ümumi tikintidə torpaq sahələrinin payını çox kəskin şəkildə artırır. Amma o da məlumdur ki, faktiki olaraq vətəndaşların da bu böyük torpaq sahələrini əldə etməyə imkanları yoxdur”.

Vəziyyətdən çıxış yolu barədə danışan ekspert vurğuladı ki, hökümət bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin inteqrasiya məsələsinə baxmalıdır, yəni istismar olunmayan ərazilərdə torpaqlar bələdiyyənin mülkiyyətinə verilməli və bələdiyyələr tərəfindən həmin torpaqlar hərraca çıxarılaraq o qaydalara uyğun satılmalıdır:

“Məsələnin digər bir tərəfi də odur ki, bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm dövlət, həm də bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərracı birbaşa bu qurumun nəzarətində həyata keçirilir. Hesab edirəm ki, hərrac bu təşkilatdan alınıb, müstəqil bir formada keçirilməlidir. Bu baş verərsə əmlak və torpaq sahələrində qiymətin normallaşması və ehtiyacı olan kütləyə əlçatanlığı mümkün olacaq. Eyni zamanda təklifə yeni torpaq sahələri çıxarılmalıdır.Əks təqdirdə bu problemi tənzimləmək və həll etmək mümkün olmayacaq”.

Ən sərfəli kredit üçün müraciət et

2011-ci ildə keçirilən müşavirədə Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə tapşırıq vermişdi. Həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb. Belə ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı nisbətən asanlaşdırılıb.

Mövzunu davam etdirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev  də sənədsiz torpaq məsələsinə toxunaraq vurğuladı ki, təyinatı üzrə olmayan torpaq üzərində inşa olunmuş tikililər qanunvericiliklə mülkiyyətə keçirilə bilmir.

“ Əgər o torpaq əkin sahəsi və ya digər təyinatlar üzrə nəzərdə tutulubsa, onun üzərində ev tikmək qanunla qadağandır. Daha bir problem isə tikinti normasının gözlənilməməsinə görə yaranır. Xüsusən də bir çox tikinti şirkətlərinin normativlərə əməl etməməsi səbəbindən qəzalı vəziyət yarana bilər. Yaxşı olardı ki, tikinti şirkətləri öncədən yarana biləcək problemləri öncədən düşünüb daha sonra bina inşa etsinlər. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər.

Ümumiyyətlə, çıxarışsız evlərlə bağlı problem həll edilərsə bu gələcəkdə daşınmaz əmlak bazarında təklifin artmasına şərait yaradacaq. Nəticədə, əmlak bazarında qiymətlərin aşağı düşməsi də mümkündür".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et