Sənədsiz evlərdə yaşayanların torpaq sahələrinin aqibəti necə olacaq? | Banco.az

Sənədsiz evlərdə yaşayanların torpaq sahələrinin aqibəti necə olacaq?

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Bu barədə Banco.az-a açıqlama verən “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirdi ki, məqsəd dövlət tərəfindən qanunsuz tikililərin qarşısını almadır:

“Bir sıra vətəndaşlar bürokratik əngəllərdən, qanunda olan boşluqlardan, nəzarətsizlikdən istədikləri torpaq sahələrində ev tikiblər. Qəbul olunmuş dəyişikliyə səbəb kommunikasiya xətləri çəkib, daha sonra məhkəmə yolu ilə həmin ərazidə yaşamaq hüquqlarından sui-istifadəyə mane olmaqdır.

Ölkədə müxtəlif rəqəmlərə istinadən ən azı 500 mindən çox qanunsuz tikilinin olduğu bildirilir. Mən isə hesab edirəm ki, bu rəqəm daha böyükdür. Bizim torpaqların əksəriyyəti kənd təsərrüfat təyinatlıdır. Həmin torpaqların da mülkiyyət hüquqları olmur. O torpaqlar da qanuna əsasən ev tikmək olmaz.

Hər il daşınmaz əmlak və torpaq sahələrində artan qiymətlər səbəbindən vətəndaşlar alternativ olaraq müxtəlif yollarla torpaq almağa çalışırlar. Bu torpaqların böyük əksəriyyəti bələdiyyə torpaqlarıdır. Vətəndaşlar  onların üzərlərində fərdi evlər tikirlər, kommunikasiya xətləri çəkdirib, yaşayırlar. Çıxarışı olmayan bu torpaqların sənədləşməsi üçün hökumət tərəfindən amnistiya imkanı verilərsə bu zaman vətəndaşlar da bu fürsətdən istifadə edib əmlaklarını sənədləşdirə bilərlər. Düşünürəm ki, hazırda yaranmış vəziyyətdə çıxış yolu belə bir qanunun qüvvəyə minməsi ilə tənzimlənə bilər”.

Ekspert digər vacib bir məqama da toxunaraq qeyd etdi ki,  ölkə əhalisinin 40 faizə yaxını dağ ətəyi kəndlərin ərazisində yaşamasına baxmayaraq onların da bir çoxunun əmlak üzərində mülkiyyət hüquqları olmur:

Ən sərfəli kredit üçün müraciət et

“Həmin vətəndaşlar kolxoz və  sovxozların dağılması nəticəsində onlara verilmiş pay torpaqlarının  çıxarışları 2001-ci ilə kimi qanunvericiliyə  uyğun olaraq əldə ediblər. Amma əvvəldən dədə-babadan qalmış dağətəyi rayonlarda, meşə təsərrüfatlarının ərazilərinə düşən kəndlərdə qalan torpaqların isə ümumiyyətlə mülkiyyətini təsdiq edən sənədlər yoxdur. Əsas məsələlərdən biri də bu  vətəndaşların mülklərinin sonrakı aqibəti barədədir. Məni də ən çox narahat edən məsələ budur”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et