Deyir ki, insan, özünü xoşbəxt etdiyi işi görməlidir. Düşünür ki, insan hansısa vəzifədə yaxşı pul qazana bilər, amma işindən zövq almırsa, onun qazandığı pulun miqdarının önəmi yoxdur. Müsahibim scshop.az onlayn saat satışı saytının təsisçisi Səlmi Cənnətovadır. Qeyd edim ki, S.Cənnətova 1988-ci ildə Bakıda anadan olub. Bakı Texniki Kollecində gömrük işinin təşkili və idarə edilməsi üzrə təhsil alan həmsöhbətim, daha əvvəl müxtəlif sahələrdə çalışsa da, sonradan öz biznesini qura bilib.
- Elə əvvəldən başlayaq, necə oldu ki, biznes qurmaq ideyası yarandı?
- Tələbə olarkən poliqrafiya sahəsində çalışırdım. Bundan başqa dizayner, operator kimi müxtəlif işlərdə də işləmişəm. Amma uşaqlıqdan bəri saatlara xüsusi sevgim var idi. Həmişə hər bir geyimimə uyğun saat taxmağı sevirdim. Hər dəfə müxtəlif rəngdə və markada saatlar taxanda dostlarım, rəfiqələrim “bunu haradan almısan” soruşurdular. Bir neçə dəfə dostlarım üçün sifarişlə saatlar gətirdim. Bir də gördüm ki, sifarişlər getdikcə artır. Onlar mənim canlı reklamım oldu. Ətrafımdakılarda görənlər də sifariş edirdilər. Başa düşdüm ki, insanların marağını qazanmağı bacarmışam. 2012-ci ildən isə bu işi biznesə çevirməyi qərara aldım. İlkin mərhələdə sosial şəbəkələrdə satış məqsədilə səhifələr açdım. Bir müddət sonra isə scshop.az saytını yaratdıq.
- Maraqlıdır, biznes qurmaq ideyası ailədə necə qarşılandı?
- Bu işə başlayanda digər sahədə işləyirdim. Öz işimlə yanaşı onlayn satış işi ilə məşğul olmağa başladım. Bir müddət sonra gördüm ki, bu sahə məndə daha uğurlu alınır və daha çox gəlir gətirir. Beləcə, işdən çıxmağı qərara aldım. Bizim ailədə demokratik mühit var. Ona görə də işdən çıxarkən fikrimə etiraz edən olandı. Seçimimə hörmətlə yanaşdılar. Onlar özləri də başa düşürdü ki, bu iş məni daha çox xoşbəxt edir. Ona görə də mane olmadılar. Hər zaman mənəvi dəstəklərini hiss etmişəm.
- Gənc bir xanım üçün bu işin hansı çətinlikləri var?
- Əslində işim çətin deyil. Ya da mənə asan gəlir. Düzdür, hər işi, hətta sifarişlərin çatdırılmasını da özüm etsəm, yorulmuram. Çünki bu işi sevirəm. Çalışıram ki, planlı şəkildə hərəkət edim. Digər tərəfdən, bu elə bir sahədir ki, konkret iş vaxtı olmur. Günün istənilən vaxtı iş ola bilər.
- Bəs sifarişlər necə?
- Sifarişlər müxtəlif sıxlıqda və vaxtlarda olur. Həftənin və ayın müxtəlif günlərində fərqli sayda sifariş qəbul edirəm. Adətən ayın əvvəlində sifarişlər daha çox olur. Çünki aşağı-yuxarı, hər kəs həmin vaxtda maaş alır. Belə demək olarsa, ayın əvvəlində hamının cibində pul olur (gülür). Saatları xarici ölkələrdən gətirirəm. Qiymətlər məhsulun markasından asılı olaraq dəyişsə də, ümumilikdə 25 manatdan başlayaraq artır. Hər kəsin büdcəsinə uyğun olan saatlar var. Adətən müştərilər orta qiymətə olan məhsullara üstünlük verir. Hələlik sifarişləri onlayn şəkildə qəbul edirəm. Gələcək planlarım arasında öz mağazamı açmaq var.
- Sərbəst iş rejimi insanı bir qədər arxayınlaşdırır. Bəs sizdə necə, müştərilərlə problem olurmu?
- Elə olub ki, məndən asılı olmayan səbəblərdən sifarişin çatdırılmasında problemlər yaranıb. Bu müddət yarım saatdan çox olmayıb. Belə olanda, “günahımı yumaq” üçün müxtəlif tədbirlər görürəm. Gecikən zaman müştərinin özünə, yaxud yanındakı şəxsə hədiyyə saat, yaxud aksesuar verməklə vəziyyətdən çıxmağa çalışıram. Mənim üçün müştərinin məmnuniyyətini qazanmaq hər zaman puldan daha önəmli olub. Amma ümumilikdə ünvanları yaxşı tanıdığımdan, deyilən vaxtda çatdıra bilirəm.
- Aydındır ki, gəlir məsələsi biznes sahəsindən ən önəmli amillərdəndir. Bəs sizdə necə, xərciniz borcunuzu ödəyirmi?
- Biznes elə bir sahədir ki, iqtisadi faktorlar bizim işimizə təsir edir. Məsələn, devalvasiya zamanı gəlirlərim bir qədər aşağı düşdü. Həmin ərəfədə müəyyən çətinliklər yaşasam da, sonradan vəziyyəti qaydasına sala bildim. Hələlik, qazandığım pul məni təmin edir.
- Dediniz ki, konkret iş vaxtınız yoxdur. Bəs bu, sosial həyatınıza mane olurmu?
- Ümumiyyətlə, vaxtımı boşa sərf etməyi sevmirəm. İşimin böyük hissəsini evdə etdiyimə görə, iş sosial həyatımın içindədir. Xaricə gedərkən də yaxınlarıma işi idarə etmələrini tapşırıram. Onlar özləri də müştəri ilə davranış qaydalarını öyrəniblər deyə, problem yaranmır. Saatlardan başqa, müxtəlif sahələrə marağım var. Məsələn, videoqrafiya işi çox diqqətimi çəkir. Dövrün ən çox tələb olunan sahələrindən biridir. Amma hələlik bu sahə ilə həvəskar olaraq məşğulam. Boş vaxt tapan kimi, idmanla məşğul olmağa çalışıram.
- Azərbaycanda öz biznesini qurmaq istəyən xeyli gənc var. Amma onların əksəriyyəti risk etməkdən çəkinirlər. Onlara nə tövsiyəniz olardı?
- Həmişə düşünmüşəm ki, istədiyi işlə məşğul olan insan digərləri ilə müqayisədə daha çox uğur qazana bilər. Çünki aylıq maaşa görə işləyən insanları sadəcə, pul maraqlandırır. Düzdür, pul qazanmaq önəmlidir. Amma işi sevərək etmək puldan daha önəmlidir. Təəssüf ki, bu xoşbəxtlik hər kəsə qismət olmur. Bəzən ailələrimiz də buna mane olur. Amma bütün hallarda, insan öz məqsədləri üçün mübarizə aparmalıdır.
Şəbnəm Mehdizadə