Səhv edə-edə şirkətini inkişaf etdirən rəhbər - MÜSAHİBƏ | Banco.az

Səhv edə-edə şirkətini inkişaf etdirən rəhbər - MÜSAHİBƏ

Deyir ki, insan yalnız səhvlərindən nəticə çıxardığı halda irəli gedə bilər. Texnologiya sahəsində təhsili olmasına baxmayaraq bazarda bu sahədə rəqibi olmayan şirkətin rəhbəridir. Amma təhsilin önəmli olduğunu düşünür. Əgər bu sahə üzrə təhsil alsaydı, daha tez formalaşacağını fikirləşir. Müsahibim “Sumaks Technologies” şirkətinin direktoru Cavid Məmmədovdur. Qeyd edim ki, C.Məmmədov 1988-ci anadan olub.

 

- “Sumaks” şirkətinin yaranma tarixindən başlayaq? İdeya necə yarandı?

- İlk növbədə onu qeyd edim ki, mən texnologiya sahəsi üzrə təhsil almamışam. “Muğamşünaslıq nəzəriyyəsi” üzrə təhsil almışam. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra isə müstəqil fəaliyyətlə məşğul olmağa başladım. İlk olaraq tikinti sektoru ilə bağlı bir layihə üzərində işlədim. “Memar Stone” adında bir layihə idi. Daha sonra, 2014-cü ildə “Sumaks” layihəsinin ideyası yarandı. İdeya dostum Kamran Səmədli tərəfindən gəldi. Həmin ərəfədə o, “Barama” İnnovasiya və Sahibkarlıq mərkəzində  koordinator vəzifəsində çalışırdı. Mənə bazarda elektronika ilə bağlı məhsulların  yerli istehsalına ehtiyac  olduğunu söylədi. Həmin  dövrdə bu sahə ilə bağlı heç bir təcrübəm yox idi. Xüsusən texnologiya mənə çox yad bir sahə gəlirdi. Amma tale elə gətirdi ki, mən yaxşı insanlarla tanış oldum. Layihə sayəsində Sənan Quluzadə və Elgün Həsənov kimi dostlar qazandım. Hansı ki, biz hələ də birlikdə çalışırıq. Beləcə layihəyə başladıq.

 

- Hal-hazırda şirkətinizin neçə əməkdaşı var?

- Hazırda komandamızda 12 nəfər fəaliyyət göstərir. Bundan başqa müxtəlif layihələr üzrə əməkdaşlıq etdiyimiz şəxslər də var. Layihələrdən asılı olaraq onların tərkibi və sayı dəyişə bilir. “Sumaks” 2014-cü ildə layihə formasında  yaradılıb. 2016-cı ildən “Sumaks Technologies” MMC olaraq öz fəaliyyətimizi davam etdiririk. Şirkətimiz öz məhsullarının istehsalı ilə yanaşı sifariş əsasında da fəaliyyət göstərir. Əşyaların interneti, proqram və aparat təminatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə ixtisaslaşmış şirkətimiz qısa müddətdə müştəriləri və partnyorları arasında etibarlı tərəfdaş statusunu eldə etmişdir. SUMAKS Technologies məhsulları tamamilə yerli istehsaldır və istehsala qədərki araşdırmalar labaratoriyamızda öz mütəxəssislərimiz tərəfindən aparılır. Şirkətimizin gələcəyə baxış strategiyası ölkəmizdə yerli yüksək texnologiya məhsularının istehsalı ənənəsini formalaşdırmaqdır.

 

-Dediniz ki, yeni başlayanda texnologiya sizə yad bir sahə idi. Maraqlıdır, hansı problemlərlə üzləşdiniz?

- İlkin mərhələdə çox səhvlər etdik. Bu səhvlər əslində  mənim təcrübəsizliyimdən qaynaqlanırdı. Etdiyimiz səhvlər isə  bizim sürətli şəkildə  formalaşmağımızı bir qədər ləngitdi. Əgər texnologiyadan az-çox başım çıxsaydı bəzi mərhələləri daha sürətli keçə bilərdik. Digər tərəfdən, təcrübəmizin azlığı ilə yanaşı, bu sahədə təcrübəsindən faydalana biləcəyimiz alternativlər də çox az idi.

 

- Bu sahədə olan gənclərə dəstək olursunuzmu?

- Biz özümüz bu çətinlikləri gördüyümüzə görə çalışırıq ki, indi öz gənclərimizi yetişdirək. Bu məqsədlə şirkət olaraq ödənişli və ödənişsiz təlimlər həyata keçiririk. Eyni zamanda layihələrimizə universitetlərdən tələbələr cəlb edirik. Onlar təcrübə qazandıqdan sonra “Sumaks”ın əməkdaşı olurlar. Bir müddət sonra onlar bizdən biri olur. Sentyabr və Oktyabr aylarında isə “Sumaks Academy”-nı yaratmağı planlayırıq. Orada bu işlər daha təkmil formada və sistemli şəkildə aparılacaq. Akademiyada elektronika və mikro yoxlayıcılarla bağlı dərslər təşkil ediləcək. Orada yetişən hər bir gənc gələcəkdə şirkətimizin əməkdaşı olaraq fəaliyyətini davam etdirə biləcək. Əlimizdən gələni etməyə çalışırıq ki, gənclərə dəstək ola bilək.

Ən sərfəli kredit üçün müraciət et

 

- Bəs şirkətiniz hansı məhsulları istehsal edir?

- Şirkətin işi ideya əsasında qurulub. Komandamıza müştərilər yaxud yaxud şirkətin əməkdaşları ideya verir. Bəzən müştəri xaricdə aldığı məhsulu burada istehsal etmək istəyir. Texniki komandamız bunun mümkünlüyünü yoxlayır və qərar verir. Əgər mümkündürsə işləməyə başlayırıq. Hazıra şirkətimizin öz məhsulları da var. Bunlara avtomaks, temperatur və rütubətə nəzarət cihazı, liftlərə nəzarət, elektrikə cihazı daxildir. Bunlar dünyada olan məhsullardır və öz ixtiramız deyil. Sadəcə olaraq məhsulları burada özümüz hazırlayırıq. Bundan başqa sifariş əsasında hazırlanan layihələr var. Bura dövlət qurumlar və özəl şirkətlər aiddir. Həmçinin, startap layihələrinin prototipləri var və biz onlara bu məsələdə kömək edirik. İşin çətin tərəfi müştərini inandırmaqdır. Dövlət qurumları və özəl şirkətləri inandırmağa və onların etimadını qazanmağa çalışırıq ki, onların idxal etdiyi məhsulları biz yüksək keyfiyyətli yerli istehsal  edə bilirik.  Bu bizim üçün əslində 1-0 geridə başlamaq deməkdir. Çünki yerli istehsalla məşğul olduğumuz üçün müştərinin məhsulumuzun keyfiyyətli olduğuna inandırmalıyıq. Artıq bir çox təşkilat və şirkətləri buna inandırmağa nail olmuşuq. Bu tendensiyanı davam etdirmək niyyətindəyik. Ölkədə idxal edilən elektronik məhsulların şirkətimizin hazırlaya biləcəyi məhsulların sayını daha da artırmaq niyyətindəyik.

 

-Bir qədər də gələcək planlarınız haqda soruşmaq istərdik?

- Hələlik qlobal bazarlara çıxmaq üçün tələsmirik. Çünki hələ öyrənəcəyimiz çox şey var. Yəni ən azı qarşıdakı iki il ərzində  belə bir  hədəf planlamırıq.  Amma bu yaxınlarda belə bir təcrübəmiz oldu. Belə ki, Böyük Britaniyadan sifariş aldıq və məhsul hazırladıq. Bu bizim ilk təcrübəmiz idi və uğurlu alındı. Düşünürəm ki, xarici bazarlara 2020-ci ildən sonra çıxmağımız daha məqsədə uyğun olardı.  Həmin dövrə qədər çalışırıq ki, işimizi daha da təkmilləşdirək və formalaşdıraq.

 

- Sonda bu sahədə yeni addımlayan gənclərə tövsiyələrinizi soruşmaq istərdik?

- Gənclərə tövsiyə edərdim ki, səhv etməkdən çəkinməsinlər, hətta səhv etsinlər. Önəmli olan səhvdən və itirməkdən qorxmamaqdır. İlkin mərhələdə nələrisə səhv etmək və uğursuzluq yaşamaq tamamilə təbii haldır. Sadəcə olaraq, bu səhvlərin son olmadığını, əksinə yeni başlanğıc olduğunu dərk etmək lazımdır. Yalnız səhvlərindən nəticə çıxaran şəxslər daim irəliyə gedə bilər.

Şəbnəm Mehdizadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et