Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin minlərlə işçisini təmsil edən Samsung Milli Elektronika İstehsalçıları Birliyi şirkətin 55 illik tarixində ilk dəfə tətil elan edib.
Banco.az xəbər verir ki, təxminən 28,000 üzvü və ya şirkətin işçi qüvvəsinin beşdə birindən çoxu olan “Samsung”un Milli Elektronika İstehsalçıları Birliyi etiraz aksiyası çərçivəsində iyunun 7-də bir günlük işini dayandıracağını bildirib.
Məlumata görə, tətil Həmkarlar İttifaqı ilə Cənubi Koreya texnologiya nəhəngi arasında yanvar ayından etibarən davam edən əmək haqqı danışıqlarının dayandırılması fonunda planlaşdırılır.
“Bizim istədiyimiz əmək haqqının 1-2% artırılması deyil. İstədiyimiz görülən işin məbləğinin ədalətli ödənilməsidir. Biz artıq şirkətin danışıqlar aparmaq istəyinin olmamasına dözə bilmərik”, – deyə Həmkarlar İttifaqının bəyanatında deyilir.
Qeyd edək ki, tətil elan edildikdən sonra “Samsung” səhmləri apreldəki zirvəsindən 10%-dən çox aşağı düşərək 3,1% ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!