Müəllif - Eldar Kərimov/Banco.az
Samson Mow proqnozlaşdırır ki, dünya ölkələri Bitcoin strateji ehtiyatları yaratmağa başlayacaq, bu isə ilk kriptovalyutaya tələbi artıraraq qiymətini kəskin şəkildə yüksəldəcək.
Çexiya Mərkəzi Bankı artıq bu məsələyə ciddi yanaşır.
"Düşünürəm ki, biz Bitcoin-in daha sürətlə qəbul edildiyini görəcəyik. Çexiyada baş verənlər buna nümunədir. Onlar sadəcə bu imkanı araşdırmır, artıq qərarlar qəbul edirlər. Bu səbəbdən hesab edirəm ki, 2025-ci ildə hər şey çox sürətlə dəyişəcək," – deyə Mow bildirib.
Bitcoin ölkələr üçün də baha olacaq
JAN3 şirkətinin rəhbəri əlavə edib ki, Bitcoin-in qiymət artımı onu təkcə adi insanlar üçün deyil, bəzi ölkələr üçün də əlçatmaz edəcək.
O, buna misal olaraq Kanadanın Vankuver şəhərinin merini göstərib. Mer Bitcoin-i şəhər ehtiyatlarına əlavə etmək istəsə də, şəhər şurası hələ ki, bu imkanı araşdırır.
"Düşünürəm ki, əsas sual – vaxtdır. Onlar BTC almaq qərarını qarşıdakı 6 ay və ya 1 il ərzində verə biləcəklərmi? Çünki Bitcoin yaxın bir il ərzində əksər alıcılar üçün əlçatmaz olacaq," – deyə Mow vurğulayıb.
Bitcoin-in $1 milyon olması realdır
Sonda Mow Bitcoin-in 2025-ci ildə $1 milyon səviyyəsinə çatmasının çox mümkün olduğunu bəyan edib.
Qeyd edək ki, o, daha əvvəl dövlət ehtiyatlarına XRP kimi digər kriptovalyutaların daxil edilməməli olduğunu bildirmişdi.