Samir Əliyev: "Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb" | Banco.az

Samir Əliyev: "Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb"

Bu gün Azərbaycandakı bir sıra bankların timsalında ümumilikdə bir sıra problemlərin olması danılmaz həqiqətdir. Məsələ ondadır ki, neçə vaxtdır ölkədəki bir neçə bank qoyulan tələblərə cavab verə bilmir. Dəfələrlə Mərkəzi Bank onlara bununla bağlı xəbərdarlıq etsə də, görünən odur ki, banklar bundan nəticə çıxarmaq istəmir.
MB-nin aprel ayı üzrə statistik məlumatları vəziyyətin düzəlmədiyini göstərir. Problem ondadır ki, banklar nizamnamə kapitalını artıra bilmir, problemli kreditlərin həcmi artmaqda davam edir. Bankların kredit faizlərini aşağı salmaması, digər şərtləri yumşaltmaması bu sektorda vəziyyəti bir az da kritikləşdirir. Bu da, öz növbəsində, banklarla bağlı böhran riskini hər keçən gün bir az da artırır. 
Sözügedən məsələni şərh edən iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, məlumatlara ötəri nəzər yetirərkən vəziyyətin ürəkaçan olmadığı müşahidə olunur: "Məsələ ondadır ki, MB-nin ilin əvvəlində atdığı sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, artıq sistemdə illərlə mövcud olmuş xroniki xəstəlikləri üzə çıxartmaqdadır. Əslində bu gözlənilən idi. Çünki bankların uzun müddət məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməməsi, istehlak kreditləşməsi bazarından asılılığının artması onların maliyyə dayanıqlığını zərbə altına qoymalı idi. Bank sektorunda böhranın simptomları getdikcə özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki, ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis hesab olunurdu. Bankların zərəri 34 milyon manat həddindədir. Digər bir problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manatdır. Ümumi kredit qoyuluşunda payı 10 ay əvvəlki həddə - 5,5 faizə çatıb. Bu o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da, prosesin ona doğru getməsi şübhəsizdir".
Ekspertin sözlərinə görə, problemli kreditlərin həcminin son 1 ildə 18,7 faiz, 2014-cü ilin 4 ayında isə 13 faiz artması yaxşı hal deyil: "Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki, ötən il bu, 44 milyon manata bərabər olub. Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşundan da çoxdur. 
İstehlak kreditlərinin həm həcmi, həm də payı artmaqda davam edir. Aprel ayında kredit qoyuluşu 356 milyon manat artıb ki, bunun 152 milyon manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin həcmi 6,6 milyard manatdan çoxdur. Ümumi kreditləşmədə payı isə rekord həddə - 40,7 faizə çatıb. 
Ən nəhayət, əmanətlərin orta illik faiz dərəcəsində azalma var. Azalma daha çox manatla yatırılan əmanətlərdədir. 
Kreditlərin orta illik faiz dərəcəsi isə aprelin sonunda ilin əvvəli ilə müqayisədə artaraq 14,13 faizdən 14,20 faizə yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: baki-xeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et